İki təşkilat birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) martın 18-nə təyin olunmuş referendumda “exit-poll” keçirmək üçün bu həftə ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.
“ELS”-in rəhbəri İradə Yaqubova Lent.az-a bildirib ki, 118 dairə seçki komissiyası olmaqla 800 seçki məntəqəsində “exit-poll” keçirmək planlaşdırılıb. Hər məntəqədə 2 nəfər intervüyer (ümumilikdə 1600 nəfər), 4 məntəqədə isə 1 nəfər superveyzer (ümumilikdə 200 nəfər) fəaliyyət göstərəcək. Ümumilikdə 18 mart referendumunda “exit-poll” keçirmək üçün “ELS” və AVCİYA birlikdə 2 minə yaxın şəxslə əməkdaşlıq edəcək.
“Artıq intervüyer və supervayzerlərin seçimi başa çatıb. Hazırda onlar üçün treninqlər keçirilir”, – deyə İ.Yaqubova əlavə edib.