Kaliforniyanın Berkeli Universitetində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı 1 həftəlik silsilə tədbirlər sırasından ilk tədbir keçirilib.
APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan-Amerika Şurası, Berkeli Universitetinin türkdilli tələbələr təşkilatı və Şimali Kaliforniya Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov və türkdilli tələbələr təşkilatının prezidenti Ulduz Berencfuruş açılış nitqi ilə çıxış ediblər.
C. Hüseynov İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoqu üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 26 fevral 2009-cu il tarixində dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması kampaniyasının açılış mərasiminin keçiriləcəyi barədə məlumat verib.
Tədbirdə Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Həvva Məmmədova, Xocalı soyqırımını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran ilk amerikalı jurnalist, hazırda Montana Dövlət Universitetinin professoru Tomas Goltz, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi və Monterey Hərbi Dəniz Donanması İnstitutunun magistr tələbəsi Rəşad Kərimov və jurnalist Şəfəq Mehrəliyeva çıxış ediblər.
Çıxış edənlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımını törədənlərin Beynəlxalq Haaqa Məhkəməsinə verilməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, Xocalı soyqırımının hüquqi aspektləri müzakirə edilib, faciənin törədənlər müharibə cinayətkarları adlandırılıblar.
Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş sənədli film, Ş. Mehrəliyevanın 1997-ci ildə CNN telekanalı üçün hazırladığı telereportaj nümayiş etdirilib. Asim Mollazadə və Tomas Qoltz ilə tədbirdə iştirak edən ermənilər arasında diskussiya aparılıb.
Azərbaycanın xalq artisti Çingiz Sadıxov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Azərbaycan-Amerika Şurasının Azərbaycandakı nümayəndəsi Kəmalə Paşayeva və Azərbaycan icmasının fəallarından olan Şəpur Ənsari də tədbirə qatılıblar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımına həsr olunmuş növbəti tədbir fevralın 23-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda millət vəkili Həvva Məmmədova və Azərbaycan-Amerika Şurasının Azərbaycandakı nümayəndəsi Kəmalə Paşayevanın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri həyata keçirən terrorist Monte Melkonyanın məzunu olduğu Berkeli Universitetində artıq ikinci ildir ki, Xocalı soyqırımının qurbanları yad edilir.
Onu da əlavə edək ki, M. Melkonyan 1978-ci ildə Berkeli Universitetini arxitektor ixtisası üzrə bitirib.