Gün ərzində xidmətə təxminən 20-yə yaxın şikayət ərizəsi daxil olub
Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun «Qaynar Xətt» Xidmətinin əməkdaşları Lənkəran şəhərində səfərdə olublar və əhalinin şikayətləri ilə maraqlanıblar. «Qaynar Xətt» Xidmətinin rəhbəri Şahin Camalovun sözlərinə görə, gün ərzində ümumilikdə təxminən 20-yə yaxın şikayət ərizəsi daxil olub. Şikayət ərizələri daha çox sosial yardımların alınmasındakı problemlər, elektrik enerjisinin verilməməsi, sayğacların quraşdırılmaması, habelə torpaqların düzgün bölüşdürülməməsi, zəbt edilməsi və s. bu kimi xarakter daşıyır.
Qeyd edək ki, «Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun «Qaynar Xətt» Xidməti regionlardan daxil olmuş şikayətlərin çoxluğunu və regionlarda yaşayan aztəminatlı və hüquqları pozulmuş əhalinin Bakı şəhərinə gələ bilməməsini nəzərə alaraq yanvar-mart aylarında respublikanın bir sıra regionlarında «Əhaliyə səyyar xidmət» layihəsini həyata keçirməyi qərara alıb. Bölgələrdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi, həmçinin vətəndaşların mülki, cinayət, inzibati, əmək, sosial sahələr və korrupsiya faktları üzrə şikayətlərini araşdırmaq, həllində kömək etmək məqsədilə ərizə və şikayətlərin qəbulunu həyata keçirir.
Xatırladaq ki, «Qaynar xətt» Xidmətinin əməkdaşları məlum layihə çərçivəsində Quba, Gəncə, Şəki, Cəlilabadda olublar.
ANS Press