“Ermənilər mənə dedilər ki, bizdən nə istəyirsiniz, gedin ruslarla danışın”

Vəfa Quluzadə: “Həmişə həmsədrlərə orda-burda çətinliklə iş axtaran adam kimi baxıram”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın Baş katibinə 24 dekabr və 29 dekabr 2008-ci il tarixlərində məktub göndərib. 24 dekabr 2008-ci il tarixli məktub Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi nəticələri barədə hesabat və ona əlavədən ibarətdir. A.Mehdiyev hesabat və əlavənin BMT Baş Assambleyasının sessiyasının gündəmindəki 13-cü (GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri) və 18-ci (Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət) maddələr üzrə assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını istəyib. Səfir hesabata əlavəsində BMT-yə Azərbaycan dövləti adından iki sual da ünvanlayıb:

– Ermənistan Respublikası Dağlıq Qarabağ bölgəsində və ətrafında Azərbaycan Respublikasına silahlı hücum edibmi?

– Azərbaycan Respublikası hazırda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistan Respublikasından müdafiə olunmaq üçün özünümüdafiə hüququndan istifadə edə bilərmi?

2008-ci il 29 dekabr tarixli məktubda isə Ermənistanın revizionist iddiaları fonunda dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə və ona əlavə əksini tapıb. Bundan gec xəbər tutan ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 19-da narahatlıqlarını ifadə edən bəyanatla çıxış ediblər. Politoloq Vəfa Quluzadə bu mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandırıb.

– Sizin fikrinizcə, Aqşin Mehdiyevin BMT Baş katibinə məlum sualları göndərməsinin səbəbi nədir? Sorğular niyə məhz indi göndərilib və Azərbaycan tərəfinin məqsədi nə ola bilər?

– Birincisi, bu sorğular diplomatik bir gedişdir. Çünki BMT deyə bilməz ki, Azərbaycan torpaqları müharibə nəticəsində ermənilər tərəfindən işğal olunub. Ona görə də Aqşin Mehdiyev belə bir sual verərək, BMT-ni çətin vəziyyətə qoyub. Həmçinin, ikinci sualla da BMT çətin duruma düşürülüb. Azərbaycana qarşı təcavüz olub, torpaqları işğal altındadır və Azərbaycanın 100 faiz haqqı-hüququ var ki, torpaqlarını hərbi yolla azad etsin. BMT isə buna “hə” deyə bilməyəcək, bununla da özünü biabır edəcək. Ona görə də Aqşin Mehdiyev BMT-ni çətin vəziyyətə qoymaq üçün bu sualları verib. Bu suallar heç də ona görə verilməyib ki, Azərbaycan BMT-dən icazə istəyir ki, torpaqlarını əsgəri yola azad etsin. Azad edən üçün belə sorğu da lazım deyil, ümumiyyətlə, bu məsələnin heç üstünü də vurmaq lazım deyil. Günlərin bir günündə hücum edərək torpaqları azad etmək lazımdır. Amma hamıya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə də məlumdur ki, indiki şəraitdə Azərbaycan bu addımı atmayacaq. Çünki Azərbaycanın öz torpaqlarını əsgəri yolla azad etməyə hələlik imkanı yoxdur.

– Belədirsə, bəs nə üçün həmsədrlər bu sorğudan xəbər tutan kimi “öz narahatlıqlarını ifadə edən” bəyanat yayıblar?

– Həmsədrlərin işi-gücü yoxdur. Mən onları həmişə özlərinə orda-burda çətinliklə iş axtaran adam kimi baxıram. Neyləsin onlar? Onlar da çox gözəl bilirlər, məsələ elə dondurulub ki, hələlik bu məsələdə heç bir irəliləyiş yoxdur, olmayıb və hələlik olmayacaq. Qurtardı getdi.

– Aqşin Mehdiyev BMT-nin Baş katibinə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə hesabat” və “Dövlətlərin ərazi bütövlüyünün təməl norması və Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə hesabat” adlı sənədləri də təqdim edib. Onda belə çıxır ki, bu sənədlərin də təqdim olunmasında gözlənilməz heç nə yoxdur?

– Aqşin Mehdiyev bu hesabatları göndərməkdə düzgün edir ki, diplomatik yolla bir daha BMT-də düşməni ifşa etməklə məşğuldur.

– İndiki məqamda Azərbaycanın hərbi üsula əl atması nə dərəcədə inandırıcıdır?

– Azərbaycanın torpaqlarını Ermənistan almayıb ki… Nə qədər Rusiya ortadadır, o vaxta qədər Azərbaycan müharibə etməyəcək. Əgər Rusiya meydandan qırağa çəkilsə, deyək ki, rus dövləti olmasa, Ermənistan o dəqiqə gəlib Azərbaycandan üzr istəyəcək, deyəcək bunu biz etməmişik, onlar ediblər. Düzü, bunu mənə konfidensial surətdə deyiblər. Deyiblər ki, bu danışıqlarla bizdən nə istəyirsiniz, gedin ruslarla danışın. Biz də yapışmışıq ki, erməni elə gəldi, erməni belə getdi. Bunun səbəbi də məlumdur. Azərbaycan xalqı Ermənistandan qorxmur ki! Azərbaycan xalqı qəhrəman xalqdır, şücaətli xalqdır və indiki vəziyyətdə bizim ordumuz Ermənistanla müharibə edərək işğal altındakı torpaqları geri qaytara bilər. Ancaq məsələ burasındadır ki, biz gərək Rusiya ilə müharibə edək. Buna isə imkan yoxdur…

Pərvin ABBASOV

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO