Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qonaq Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda təşkil edilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqunun növbəti toplantısının fəaliyyətindən məmnun qaldığını bildirib, hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.
Sonra Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak ediblər.