Dekabrın 17-də Bakı şəhərində Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib.
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbir zamanı ölkələrimiz arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrin yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı” imzalanıb.
Fransa nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik edib.