Sahibkarlar, turizm obyektlərinin sahibləri ölkə şəraitini nəzərə almalı və qiymətləri buna uyğun tətbiq etməlidirlər. Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm obyektlərində qiymətlərin qonşu ölkələrə nisbətən yuxarı olması ilə bağlı Trend-in sualına cavab olaraq bildirib.
Nazirin sözlərinə görə, qonşu Gürcüstanda turizm obyektlərinin Azərbaycana nisbətən daha ucuz olması və rəqabətdə Azərbaycanı üstələməsi ilk növbədə turizm obyektlərinin sahiblərini düşündürməlidir: “Yəqin ki, bu, bizim sahibkarlarımızın işləridir və onlar bunu düşünməlidirlər. Sahibkarlar ölkə şəraitinə uyğun olaraq qiymətləri nəzərə almalıdırlar”.
Ə.Qarayev qeyd edib ki, Yeni il ərəfəsində istirahət mərkəzlərində, hotellərdə qiymətlərin getdikcə artması rəqabətlə bağlıdır: “Dünya təcrübəsində biz görürük ki, xüsusən də bayram günləri və digər asudə vaxtı daha səmərəli təşkil etmək imkanları olduğu dövrlərdə mövsüm qiymətlərinin artımı ola bilər. Amma bu, yalnız və yalnız hansısa tətil günlərində tətbiq olunur. Digər vaxtlarda, digər dövrlərdə bu müşahidə oluna bilməz”.
Nazir bununla yanaşı, qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti ölkəmizdə istirahətə üstünlük verir: “Mən Azərbaycan vətəndaşlarının Gürcüstan, Türkiyə, Rusiya və ya başqa ölkələrə istirahətə getməsində heç bir qəbahət görmürəm. Bu, təbii prossesdir. Çünki bizim də marağımızdır ki, Azərbaycana xaricdən gələn turistlər çoxalsın”.
Ə.Qarayev, həmçinin əlavə edib ki, Yeni il ərəfəsində müxtəlif turizm obyektlərində müxtəlif tədbirlər keçirilir: “Bizim təhlillərimiz göstərir ki, Yeni il ərəfəsində regionda Azərbaycan sakinləri üçün müxtəlif kateqoriyalarda çox maraqlı şərait yaradılacaq. Bizim ən böyük istiqamətimiz yenidən “Şahdağ” qış turizm kompleksinin fəaliyyətini yeni mövsümdə də bərpa etməkdir. Hazırda orada yeni müəssisələrin açılması ilə, yeni trasların tikilməsi ilə məşğuluq. Ümidvaram ki, bu mövsüm də qış idman növlərini sevənlər üçün lazımi şəraiti yarada biləcəyik”.