2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər Azərbaycanda lisenziyasız fəaliyyət göstərən mehmanxanalar olmamalıdır. Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunun üçün gələn ildən etibarən ciddi işlər aparılacaq: “Azərbaycanda istirahət mərkəzlərinə, hotellərə lisenziya verilməsi məsələsi daim gedən prossesdir. Mən hər gün təxminən 3-4 hotel və turizm təşkilatı üçün lisenziyanın verilməsi sənədini imzalayıram. Lisenziya almaq üçün internet və istərsə də birbaşa nazirliyə daxil olan sənədlərə mütəmadi olaraq baxılır. Yerlərdə vəziyyət araşdırılır. Təxminən 15 gün müddətindən sonra lisenziyaların verilməsi və ya verilməməsi haqqında qərar çıxarılır”.
Ə.Qarayev qeyd edib ki, nazirliyin məqsədi Azərbaycanda normal standartlara uyğun olan, lisenziya alan turizm təşkilatlarının sayının artırılmasıdır: “Biz bununla bağlı bəzi yerlərdə hər vəchlə mübarizədə aparırıq və sahibkarları məcbur edirik ki, lisenziya alsınlar. Ölkədə mehmanxana biznesinin aparılması üçün artıq 300-dən artıq lisenziya verilib”.