Azərbaycanda Ermənistanın işğalı altında olan Xankəndinin icra strukturunun yaradılması təklif edilir

Azərbaycanda Ermənistanın işğalı altında olan Xankəndinin icra strukturunun yaradılması təklif edilib.

Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında millət vəkili Flora Qasımova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş şəhərlərindən biri olan Xankəndinin icra strukturunun yaradılması təklifi ilə çıxış edib.

Millət vəkili qeyd edib ki, işğal olunmuş ərazilərimizlə bağlı işıq üzü görmüş bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə bütün işğal olunmuş rayonların işğal tarixi göstərilsə də, Xankəndinin işğal tarixinin göstərilməməsi ciddi narahatlıq doğurur: “O Xankəndi ki, bizim əzəli torpağımız və böyük yaşayış mərkəzimiz olub. O Xankəndi ki, indi separatizm yuvasıdır. Ölkə başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqların mərkəzi olan Xankəndi və Şuşada dalğalanacaq. İşğal olunmuş digər rayonlar haqqında ölkə ictimaiyyətinə geniş məlumat verilsə də, Xankəndi haqqında bu edilmir. Məndə belə təsəvvür yaranır ki, ictimaiyyətdə Xankəndi haqqında çox az məlumat var”.

F.Qasımova bildirib ki, ermənilər Xankəndinin adını dəyişərək Stepanakert qoyub və onun 90 illik yubileyini qeyd edirlər. Ona görə də Azərbaycan tərəfi bununla bağlı ciddi addımlar atmalıdır: “Bəs biz niyə Xankəndinin adını unuduruq?! Xankəndi 1991-ci ildən respublika tabeli şəhərdir. Biz Xankəndi, onun tabeçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalıyıq. Lakin bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert olaraq tanınmamış “respublikanın” paytaxtı kimi dünyaya təqdim edirlər”.

Deputat hesab edir ki, ola bilsin ki, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır: “Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndidən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndinin icra strukruru yardılmalıdır ki, bu məsələlər öz kompleks həllini tapa bilsin”.

Milli Məclisin sədri Oqtay Əsədov isə ümid etdiyini bildirib ki, bu təkliflər gələcəkcə nəzərə alınacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO