Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilib idarəçiliyin əsasında dayanması, sonrakı innovatorluq sözün həqiqi mənasında ümummilli lider Heydər Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən biri idi. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev adına İnstitutunda “Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)” kitabının təqdimatında çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, bu gün hamı üçün bəllidir ki, ulu öndər Azərbaycana təkcə bugünkü müstəqil dövlətimizi deyil, eyni zamanda, onun idarəçilik təlimini də ərmağan edib: “Biz bu gün o idarəçilik təlimindən bəhrələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik. Bununla da biz Azərbaycan xalqının firavan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında, bu təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir”.
PA rəsmisi deyib ki, Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsip var idi: “Birincisi, ulu öndərin varislik təliminin bugünkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınır. Heydər Əliyevin dövlət idarəçilik təlimi ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, “Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər”. Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bu məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət əhalinin iradəsinə söykənsin, əhalinin iradəsi isə milli birliyə söykənsin və milli birlik bizim dövlətimizin əsas prinsiplərindən biri olsun”.
Ə.Həsənovun sözlərinə görə, ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi: “O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə, bu dövlətdə ədalət ola bilməz. Yəni, haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz”.
PA rəsmisi xatırladıb ki, Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır: “Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda sözün həqiqi mənasında, bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu. Bir sözlə, kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi”.
PA rəsmisi çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yenilik gətirərək davam etdirir.
Ə.Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü: “1995-ci il Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin hökm sürməsinə həsr olunub. Və nəhayət, ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idarəçiliyi sisteminin yaradılması idi”.