Bakıda mağazada istehlakçıların aldadılmasının qarşısı alınıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əhmədova Nigar Vidadi qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Belə ki, mağazanın giriş hissəsində “Mağaza bağlanır. Şok endirim” məzmunlu reklamlar yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və Nigar Əhmədova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.