Ermənistan Dağlıq Qarabağdan tamamilə çıxmalıdır. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, bunu Macarıstan Milli Assambleyasının üzvü, parlamentin Macarıstan-Azərbaycan Dostluq qrupunun sədr müavini doktor Ferenk Papsak Cəmiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən bəyan edib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz:
“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə çıxmasını tələb etməyə əsas verir. Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycanın ərazilərindən hərbi hissələrini geri çəkməsi tələbi artıq 20 ildir ki, mövcuddur. Amma bunun heç bir nəticəsi görünmür. Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq cəhdi ilə və qondarma prezident seçkilərini keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan edib ki, bu seçkilər münaqişənin sülh yolu ilə həlli üçün çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir”.
Macar parlamentari qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti BMT TŞ tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələrlə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alınıb və bu vəziyyəti 2008-ci ildə BMT Baş Assambleyası da təsdiq edib:
“Buna görə də Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da müvafiq qətnamə qəbul edib. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxması tələbi ilə çıxış edib. Bu tələb hələ də qüvvədədir. Avropa İttifaqı Dağlıq Qarabağdakı həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır”.