MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI “TRENERLƏR ÜÇÜN TRENİNQ” LAYİHƏSİNİ HƏYATA KEÇİRİR

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI “TRENERLƏR ÜÇÜN TRENİNQ” LAYİHƏSİNİ HƏYATA KEÇİRİRKonstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərlə bağlı martın 18-nə təyin olunmuş referenduma hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə “Trenerlər üçün treninq” layihəsini həyata keçirməyə başlamışdır.
Fevralın 19-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında başlayan treninqləri açan MSK katibi Natiq Məmmədov bildirmişdir ki, 2003-cü ildən təşkilinə başlanılmış seminarlar 2008-ci ildən yeni formatda həyata keçirilir. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) iştirakı ilə reallaşdırılan bu layihə çərçivəsində dairələr üzrə hazırlanmış 250 trener 4 qrupa bölünərək fevralın 19-dan 23-dək keçiriləcək treninqlərdə iştirak edəcəklər. Seminarlar zamanı onlara MSK-nın Treninq qrupu tərəfindən səsvermə günü həyata keçiriləcək prosedurlar, o cümlədən səsvermə prosesi, səsvermə zamanı qarşıya çıxacaq müstəsna hallar, səslərin sayılması və nəticələrin müəyyənləşməsi haqqında ətraflı məlumat veriləcək və əyani məşğələlər keçiriləcəkdir.
Seminarda çıxış edən İFES-in ölkə üzrə direktoru Daniyel Blessinqton Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə təmsil etdiyi qurum arasında hələ 1998-ci ildən faydalı əməkdaşlıq əlaqələrinin formalaşdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, seminarlara cəlb edilmiş 250 trener ilkin olaraq 2008-ci ildə MSK-nın Treninq qrupu və Venesiya Komissiyasının ekspertləri tərəfindən təşkil olunmuş təlim kurslarında iştirak etmişdir. Onlar ötən il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ərəfəsində aşağı seçki komissiyaları üçün treninqlərin təşkilində fəallıqları ilə seçilmişlər.
Bildirilmişdir ki, “Trenerlərin treninqi” mərhələsi başa çatdıqdan sonra, martın 2-dən etibarən lazımi vəsaitlərlə təchiz olunacaq yerli trenerlərin aşağı seçki komissiyalarının üzvləri üçün MSK tərəfindən tərtib edilmiş cədvələ uyğun olaraq seminarlar keçmələri nəzərdə tutulur. Bir həftə davam edəcək bu seminarlarda aşağı seçki komissiyalarının 30 mindən çox üzvü iştirak edəcəkdir. Layihə çərçivəsində dairə və məntəqə seçki komissiyalarının üzvlərinə “Səsvermə günü üçün yaddaş” kitabçası da paylanacaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO