Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub

Yeni tədris ilinin başlaması ilə əlaqədar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında da Bilik günü təntənəli sürətdə qeyd olunmuşdur. Tədbir əlaçı kursantların dövlət bayrağını qaldırması və mərasim iştirakçıları tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi ilə başlanmışdır.
MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasını müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə söz sahibi olan müasir, qüdrətli dövlət kimi tanınmasını, sürətli tərəqqisini təmin etdiyini, regionda lider mövqeyinə yüksəlməsinə nail olduğunu bildirmişdir.
General-mayor Ş.Sultanov Azərbaycan xalqının ümummilli lideri, milli təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin ilin ən əlamətdar hadisələrdən biri olduğunu qeyd etmiş, yubiley tədbirləri çərçivəsində Akademiyanın bir qrup əlaçı kursantına milli təhlükəsizlik naziri general-leytenant cənab Eldar Mahmudov tərəfindən qiymətli xatirə hədiyyələrinin təqdim edildiyini vurğulamışdır.
Bu ilin iyun ayının 26-da Akademiyanın kursantlarının da qürurla iştirak etdikləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi münasibəti ilə keçirilmiş Hərbi Paradda nümayiş etdirilən hərbi texnika, silah sistemləri, şəxsi heyətin hazırlığı ölkəmizin hərbi qüdrətini, milli ordusunun gücünü bütün dünyaya bir daha nümayiş etdirmişdir.
Bildirilimişdir ki, Azərbaycanın gələcəyinin qeyri-neft sektorunun, o cümlədən insan kapitalının inkişafı ilə bilavasitə bağlı olduğunu hər zaman vurğulayan Prezident İlham Əliyev həmin sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərir, bu məqsədlə əhəmiyyətli investisiya qoyuluşunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, müəllifi ümummilli lider Heydər Əliyev olan, bu gün dövlət başçısının və Heydər Əliyev fondunun hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən təhsil strategiyası xüsusi qeyd olunmalıdır. Ölkədə fəal milli maarifçilik xətti yeridilir, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur, beynəlxalq təhsil sistemində mövcud olan mütərəqqi prinsiplər, qaydalar və yanaşmalar respublikamızda tətbiq edilir. Tədris prosesində yüksək biliklərə yiyələnmək, vətənpərvərlik və milli maraqlara sədaqət başlıca meyarlar sayılır. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dövləti və dövlətçiliyi möhkəm əllərdədir, Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır və onu tam dəstəkləyir.
Ş.Sultanov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə təsis edilmiş Akademiya fəaliyyətə başladığı ilk gündən ulu öndərin ideyalarını yaşadan, onun zəngin irsini qoruyub saxlayan, yeni nəsil zabitləri azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Hazırda ölkə başçısının diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun gündəlik nəzarəti və tələbkarlığı sayəsində Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir, tədris bazası daha da təkmilləşdirilir. Akademiya durmadan inkişaf edir, şəxsi heyət yaradılmış şəraitdən maksimum səmərəli istifadə edərək daim yüksək nəticələrə nail olur.
Bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilmişdir.
Mərasimin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO