Sentyabrın 16-da respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş xüsusi əlaqələndirici, bu qurumun Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir ATƏT-lə rəhbərlik etdiyi orqan arasındakı əlaqələrə böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Bakı Ofisi ilə sıx əməkdaşlıq əlaqələri yarandığını məmnunluqla xatırlatmışdır. Bildirilmişdir ki, məhz belə faydalı və səmərəli işbirliyinin nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr, o cümlədən “Cəmiyyət dəstəkli polis” layihəsi həyata keçirilmişdir.
Ümumiyyətlə, son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə Nazirliyin 2 mindən çox əməkdaşı iştirak etmişdir. Cənab Ramil Usubov qeyd etmişdir ki, əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiq olunması istiqamətində də işlər uğurla davam etdirilir.
Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat vermiş, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışmışdır. Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu qeyd edən nazir buna görə sözügedən mötəbər beynəlxalq qurumun və onun Bakı Ofisinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu, belə hallara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının əhəmiyyəti vurğulanmışdır.
Ölkəmizdə keçiriləcək prezident seçkilərindən danışan nazir Ramil Usubov bu ümumdövlət əhəmiyyətli tədbirə hazırlıq dövründə və seçki zamanı ictimai asayişin qorunması, baş verə biləcək qanun pozuntularının qarşısının alınması, polisin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə Nazirlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlandığını və həmin sənədin artıq icraya yönəldiyini diqqətə çatdırmışdır.
Nazir əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə tam hazırdır.
Cənab Mişel Vuazən səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, ölkəmizdə keçirilmiş seçkiləri müşahidə etmək məqsədilə artıq dördüncü dəfə respublikamıza səfər etməsindən, burada gördüyü inkişafdan məmnunluğunu ifadə etmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.