Azərbaycanda prezidentliyə namizədlərin pulsuz efir vaxtının bölgüsü müəyyən olunub

Bu gün Mərkəzi Seçki Komissiyasında Azərbaycanda prezidentliyə namizədlərin pulsuz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində 1-ci nömrə öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Orucova, 2-ci nömrə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, 3-cü nömrə Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 4-cü nömtə Ədalət Partiyasının sədri İlyas İsmayılova, 5-ci nömrə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə, 6-cı nömrə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə, 7-ci nömrə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədova (Cəlaloğlu), 8-ci nömrə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəyə, 9-cu nömrə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə, 10-cu nömrə isə “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənliyə düşüb.

Hər bir qeydə alınmış namizədə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur.

Televizyada pulsuz efir vaxtının namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.

Pulsuz efir vaxtı zamanı dəyirmi masalar formasında müzakirələr aparılacaq. Televizyada pulsuz efir vaxtından saat 19:00-dan 20:00-a, radioda isə saat 21:00-dan 22:00-a qədər istifadə ediləcək.

Xatırladaq ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

14 namizəd namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər 7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb. MSK-nın əvvəl keçirilən iclaslarında Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin, Ədalət Partiyasının sədri İlyas İsmayılovun və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alınıb.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO