“HƏRBİ QULLUQÇULARIN İNTİZAM HƏBSİ HAQQINDA” QANUN İNTİZAM HƏBSİNƏ MƏRUZ QALMIŞ ŞƏXSLƏRİN HÜQUQLARININ YÜKSƏK DƏRƏCƏDƏ MÜDAFİSƏİNİ TƏMIN EDƏCƏKDIR
“Hərbi qulluqçuların intizam həbsi haqqında” Qanun intizam həbsinə məruz qalmış şəxslərin hüquqlarının yüksək dərəcədə müdafiəsini təmin edəcəkdir.
Bu fikir Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının fevralın 19-da keçirilmiş iclasında səslənmişdir.
Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, hazırda hərbi qulluqçuların intizam həbsi ilə əlaqədar olan bütün məsələlər 1994-cü ildə qəbul olunmuş “Hərbi qulluqçuların intizam nizamnaməsi” ilə tənzimlənir. Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyaya inteqrasiyası, insan hüquq və azadlıqlarının qorunması üzrə qoşulduğu beynəlxalq konvensiya və digər sənədlər hərbi sahədə, xüsusən də hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericliyin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması zərurətini yaratmışdır.
Komissiya sədri demişdir ki, “Hərbi qulluqçuların intizam həbsi haqqında” qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçular barəsində intizam həbsinin tətbiq edilməsinin əsaslarını, qayda və şərtlərini, onun hüquqi nəticələrini və bu intizam tədbirinin tətbiqi ilə əlaqədar digər məsələləri müəyyən edəcəkdir. 5 fəsil, 31 maddədən ibarət olan qanunda ümumi müddəalarla yanaşı, intizam həbsinə dair işlər üzrə icraatın əsas məqsədi, intizam həbsi, bu növ həbsin müddəti və tətbiqi qaydaları, intizam xətası nəticəsində dəymiş maddi və mənəvi ziyanın hərbi qulluqçu tərəfindən ödənilməsi, intizam həbsinə dair iş üzrə icraatı istisna edən hallar və digər məsələlər əksini tapmışdır.
Qanunun qəbulundan sonra hərbi qulluqçuların intizam həbsi yalnız məhkəmənin qərarı ilə mümkün olacaqdır. Qanunla müəyyən edilmiş qaydada məhkəmə tərəfindən intizam həbsi əsgər, matros və çavuşlara, gizir və miçmanlara, kiçik zabitlərə 10 gün, baş zabitlərə isə 5 gün müddətinədək verilə bilər.
Müzakirələr zamanı deputatlar, Müdafiə, Daxil İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər əlaqədar təşkilatların mütəxəssisləri layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsinin birinci oxunuşda parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.