Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ikicildlik fundamental “Heydər Əliyev” akademik araşdırması üzərində işi başa çatdırıb.
İnstitutdan Trend-ə verilən məlumata görə, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun baş redaktorluğu ilə nəşr edilən fundamental elmi araşdırmanın birinci cildi ümummilli lider Heydər Əliyevin ömür yolunun Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, Azərbaycan SSR-ə rəhbərliyi və SSRİ-nin ali rəhbərliyindəki fəaliyyəti dövrlərini əhatə edir. Cild 9 fəsli əhatə edən 3 bölmədən ibarətdir.
Əsərin ikinci cildi ulu öndərin ömür yolunun müstəqillik dövrünü əhatə edir. Bu cild “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı giriş məqaləsi və 8 fəsli əhatə edən 2 bölmədən ibarətdir. “Heydər Əliyev” ikicildliyi ölkəmizin tarixində ulu öndərə həsr olunmuş ilk akademik araşdırmadır. Geniştərkibli mütəxəssis-müəlliflər heyəti tərəfindən yazılmış bu əsərdə dahi Heydər Əliyev şəxsiyyətinin ömür yolu dövrləşdirilir, hər bir dövrə dair arxiv materialları elmi dövriyyəyə daxil edilir, müvafiq elmi-nəzəri ümumiləşdirmələr aparılır.
Əsər müasir mərhələdə Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamı ilə yekunlaşdırılır. Əsərdə ulu öndərin nitqləri, çıxışları, arxiv materialları, ilk mənbələr və elmi ədəbiyyatdan istifadə edilib.
Əsər elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.