Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə mane olur. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.
E.Məmmədyarov bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hələ konkret nəticə verməməsinə baxmayaraq, dünya birliyində artıq yekdil bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır: “Azərbaycan Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama hərəkatı başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərin qəbul edilməsinə nail olmuş və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş və münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulanmışdır. Dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların belə bir prinsipial mövqe nümayiş etdirməsindən Ermənistan nəticə çıxarmalı, öz mövqeyini bir daha təhlil etməli və dünya ictimaiyyətinin mövqeyinə uyğun şəkildə hərəkət etməlidir”.
Nazirin sözlərinə görə, Minsk qrupu çərçivəsində aparılan danışıqların bugünkü vəziyyətinin təhlili onlar tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir: “Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirmişdir. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk qrupunun daha nəticəyönümlü fəaliyyəti üçün əsasdır. Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə mane olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi aydındır: “Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Təcavüzkar dövlətin öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Biz Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik. Lakin Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir. Ermənistan dərk etməlidir ki, onun xilası münaqişənin tez bir zamanda həll edilməsi və qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə əlaqələrin normallaşdırılmasından asılıdır”.