Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri özbək dilinə tərcümə olunub. APA-nın məlumatına görə, əsər Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə tərcümə edilib.
Ədəbiyyatşünas Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunan kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çapa hazırlanır. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, çap olunduqdan sonra kitabın təqdimatı keçiriləcək, gələcəkdə isə Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”si bütövlükdə özbək dilinə tərcümə ediləcək.
Kitabın Özbəkistanın böyük kitabxanalarına, ali məktəb kitabxanalarına, elmi tədqiqat institutlarının kitabxanalarına, habelə Nizami irsi ilə maraqlanan ədəbiyyatşünaslara hədiyyə edilməsi planlaşdırılır.