Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petitin etimadnaməsini qəbul etmişdir.
Xanım Karen Petit fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcək illərdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. İqtisadi əməkdaşlığımızın yaxşı nəticələri olduğunu deyən Prezident İlham Əliyev Belçikanın bəzi şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycan ilə Belçika arasında iqtisadi və siyasi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə etdi.
Xanım Karen Petit Belçika kralı Əlahəzrət Filippin şahzadə olarkən Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırladığını dedi. Diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının önəmini qeyd etdi.
Görüşdə ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu, qeyri-neft sektoru, təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun etimadnaməsini qəbul etmişdir.
Səfir Ciampaolo Kutillo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edərək tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğuladı. İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın ölkəmizə tarixi səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından bu səfərin önəmini qeyd etdi. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Səfir Ciampaolo Kutillo Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, öz növbəsində İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana tarixi səfərinin əhəmiyyətinə toxundu. Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm, vətəndaş cəmiyyəti və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə Avropa İttifaqı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqasın da etimadnaməsini qəbul etmişdir.
Səfir Dimitrios Tsounqas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dimitrios Tsounqas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dimitrios Tsounqas Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırladığını dedi. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan diplomat əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin iqtisadi, siyasi, enerji, təhsil, mədəniyyət və digər sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də, həmçinin Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenin etimadnaməsini qəbul etmişdir.
Səfir Robert Jan Qabrielsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Robert Jan Qabrielsen paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Niderland Kralı Əlahəzrət Villem-Aleksandrın Azərbaycan xalqına ən xoş arzularını çatdırdı.
Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı layihələrin önəmi qeyd edildi.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO