Azərbaycanın radio və televiziya kanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlanılıb. Bu barədə APA-ya açıqlamasında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın İşçi qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, professor Həbib Zərbəliyev məlumat verib.
O bildirib ki, ötən gündən başlayan monitorinqlər bir ay davam edəcək: “Mütəxəssislərin hansı televiziya və ya radioda monitorinqlərin keçirəcəyi ilə bağlı monitorinq qrupu müəyyənləşdirilib. Monitorinqlərdən sonra nəticələr məlum olacaq, onlar sistemləşdiriləcək və Azərbaycan dilinin tələblərinin pozulma halları müəyyənləşdiriləcək. Bundan sonra isə monitorinqin nəticələrindən asılı olaraq sentyabrın sonlarında Milli Televiziya və Radio Şurasının nümayəndələrinin müəyyənləşdirdiyi aparıcılar və diktorlara treninqlər keçiriləcək”.
H. Zərbəliyev qeyd edib ki, televiziya və radio kanallarında monitorinqlər mütəmadi olaraq aparılacaq. Onun sözlərinə görə, bir qrup aparıcılar monitorinq edilərək müvafiq treninqlərə cəlb olunduqdan sonra digərlərinin fəaliyyəti monitorinq ediləcək.