Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya, Vyetnam və Özbəkistanın dövlət başçılarını milli bayramları münasibıtilə təbrik edib.
Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçə təbrik məktubunda qeyd olunur:
“Hörmətli cənab Prezident, Slovakiya Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmləndirilməsi, ənənəvi dostluq əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıram”.
Özbəkistan Prezidenti İslam Kərimova isə təbrik məktubunda deyilir:
“Hörmətli İslam Abduqəniyeviç, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Özbəkistan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, bu gün Özbəkistan ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə sanballı uğurlar qazanmışdır. Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olması xüsusi məmnunluq doğurur. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram”.