Bakıda çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu və Həmkarlar ittifaqlarına cəlbi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransda çıxış edən AHİK-in sədri Səttar Mehbalıyev dünyada gənclərin işsizlik səviyyəsi və bunu yaradan səbəblər haqqında danışıb.
S. Mehbalıyev qeyd edib ki, Azərbaycan əhalisinin 37 faizini gənclər təşkil edir: “Azərbaycanda gənclərin məşğulluğu ilə bağlı Dövlət Proqramı qəbul edilib və proqrama əsasən, bölgələrdə gənclər mərkəzləri istifadəyə verilib. Gənclərin sağlamlığı ilə əlaqədar bölgələrin 80 faizində Milli Olimpiya kompleksləri fəaliyyət göstərir. Ölkə Prezidentinin tapşırığı ilə gənclərin xaricdə təhsili ilə bağlı işlər görülür və bəzi kadrların hazırlanmasında gənclər Avropa ölkələrinə göndərilirlər”.
Eyni zamanda, S.Mehbalıyev bu sahədə olan problemlərdən də danışıb: “Azərbaycan gənclərinin bakalavr təhsilindən sonra işlə təminatında böyük problemlər var. Bəzən işəgötürənlər onların hazırlıq səviyyəsinin aşağı olmasını bəhanə gətirərək onları işə qəbul etmirlər. Biz bunun üzərində də çalışırıq. Məsələn, gənclərin təhsil aldıqları müddətdə həmin müəsssisələrdə təcrübə qazanmaları təmin olunmalıdır. Azərbaycanda dövlət qulluğuna isə qəbul test imtahanı ilə aparılır. Yəni, bacarığın varsa, biliyin varsa, işə qəbul oluna bilərsən”.
Konfederasiya sədri, həmçinin çıxışında peşə texniki təhsilinin yarıtmaz səviyyədə olmasını da vurğulayıb: “Azərbaycanın və digər dövlətlərin bazar iqtisadiyyatına keçməsi səbəbindən bazarda hansı sahəyə ehtiyac olduğunu öyrənərək bu sahədə kadrlar hazırlamaq lazımdır. Bu məsələlər olmasa, Azərbaycanda işsizlik arta bilər. Azərbaycanda turizm inkişaf etdiyinə görə normal ofsiantlara da ehtiyac var. Bizim peşə məktəbləri yenidən qurulur və yeni avadanlıqlar gətirilir. Gənclərə innovasiya və texnologiyalardan istifadə etmək üçün kolleclərdə, texnikumlarda, peşə məktəblərində tam şərait yaradılmalıdır”.
S.Mehbalıyev konfederasiyanın daim gənclərlə iş gördüyünü qeyd edib: “Hər bir dövlər sürətli inkişafı üçün savadlı gənclər yetişdirməlidir. Biz çalışırıq ki, gənclərimiz Avropa təcrübəsindən yararlansınlar”.
Tədbirdə çıxış edən PARŞ-ın icraçı katibi Qreqor Qradev gənclərin həmkarlar ittifaqlarına cəlb edilməsi və tendensiyaları mövzusunda danışıb. Q.Qradev Həmkarlar İttifaqı siyasətinin formalaşmasında gənclərin əsas amil olduğunu vurğulayıb.
Sonra MDB ölkələrinin Milli Həmkarlar ittifaqlarının liderləri müxtəlif mövzularda müzakirələr aparıblar.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.