Bakıda keçiriləcək MDB Sərhəd Qoşunları Rəhbərləri Şurasının iclasının gündəliyi açıqlanıb.
Trend MDB-nin İcraiyyə Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ salınıb.
Saytın məlumatına görə, sentyabrın 9-da keçiriləcək iclasın gündəliyinə 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri, MDB ölkələrinin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması üçün sərhəd qoşunları və digər qurumların imkanlarından istifadə ilə bağlı MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlamaq, Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi məsələləri daxil edilib.
Bundan əlavə, iclas iştirakçıları 2013-cü ildəki fəaliyyətlərini və Şuranın planlarının yerinə yetirilməsi vəziyyətinə də qiymət verəcəklər.