Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin təşviqat kampaniyası üçün planları açıqlandı


Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin təşviqat kampaniyası üçün planları açıqlandı

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasının aparılması üçün partiyanın proqramına uyğun olaraq müxtəlif layihələr hazırlanıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP bununla bağlı Seçki Məcəlləsinin verdiyi bütün imkanlardan istifadə edəcək: “Təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı sahələr üzrə proqramlarımız, materiallarımız artıq hazırdır”.
M.Qurbanlı əlavə edib ki, YAP təşviqat məsələlərində ən yeni texnologiyadan istifadə edəcək: “Yerlərdə YAP-ın fəalları, o cümlədən regionların tanınmış şəxsləri təşviqat kampaniyamıza qatılacaq, təşviqat kampaniyamız bütün regionları, bütün bölgələri əhatə edəcək. Hər kənddə, hər qəsəbədə, hər məhəllədə YAP-ın namizədi cənab İlham Əliyevin seçki proqramını seçicilərə canlı təmasda çatdırmağa çalışacağıq, televizyaların pullu və pulsuz efir vaxtından səmərəli istifadə edəcəyik”.
M.Qurbanlı əlavə edib ki, YAP-ın təşviqat kampaniyasında əsas istiqamət Azərbaycanda həyata keçirilmiş quruculuq, abadlıq, inkişaf, tərəqqi, sabitlik kimi amillərə veriləcək: “Azərbaycanda hər bir vətəndaşın ən böyük istəyi sabitlikdir, inkişafdır, rifahdır. Bu istiqamətdə də çox böyük işlər görülüb. Görülən işləri, Prezidentimizin fəaliyyətini seçicilərə çatdırmaq üçün onlarla görüşlərdə bu məsələləri müzakirə edəcəyik. Bizim kampaniyamız istiqamətlər və proqram üzrədir və bu proqramın hər bir maddəsini qanunvericiliyə uyğun şəkildə yerinə yetirəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO