Son aylar ölkəmizdə, güclü olmasa da, yeraltı təkanların sayı xeyli artıb.

Ekspertlər bunu çox da təhlükəli hesab etmir, əksinə, müsbət cəhətlərinin də olduğunu vurğulayırlar.

Söhbət ondan gedir ki, kiçik təkanlar yerin altında yığılan enerjinin tədricən boşalmasına səbəb olur və bu, gələcəkdə daha güclü zəlzələlərin başvermə ehtimalını azaldır. Bəs, biz zəlzələlər barədə nə bilirik? Bu mövzuda insanları maarifləndirməklə dəyə biləcək ziyanın qarşısını almaq mümkündürmü? Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatları əsasında bu və digər suallara cavab tapmağa çalışacağıq.

Zəlzələ şkalasının tarixindən

XIX əsrin ortalarından başlayaraq insanlar zəlzələləri təsnifatlandırmağa çalışırdılar. Əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Bu cədvəldə seysmik titrəyişlər intensivliklərinə görə on dərəcəyə bölünürdülər. 1902-ci ildə İtaliyada Cüzeppi Merkalı tərəfindən yeni, 12 ballı intensivlik şkalası tərtib edilmişdi.

1931-ci ildə amerikalı alimlər Q. Vud və F. Nyumen, 1956-cı ildə isə Ç. Rixter həmin şkalada müəyyən dəyişikliklər etdilər və hazırda bu şkala “Modifikasiya olunmuş Merkallı şkalası” (MMİ) adlanır.

1964-cü ildən Şərqi Avropada, o cümlədən Azərbaycanın da daxil olduğu, keçmiş SSRİ-də rəsmi olaraq 12 ballıq MSK-64 şkalası qəbul edildi. Şkalanın adı onu tərtib edən seysmoloqların soyadlarının baş hərflərindən ibarətdir. Bir-birindən az fərqlənən MMİ və MSK-64 şkalalarından əlavə, 12 ballı Avropa makroseysmik şkalası (EMS, 1998), Yaponiyada isə 1951-ci ildən tətbiq edilən Yaponiya Meteoroloji Agentliyinin (JMA) 7 ballıq şkalası mövcuddur.

Zəlzələ balları və onlar haqda bilmədiklərimiz

I balda zəlzələ hiss olunmur.

II balda zəif hiss olunur. Titrəyişlər yalnız evdə, xüsusilə də yuxarı mərtəbələrdə sakit halda olan insanlar tərəfindən hiss edilir.

III balda zəif titrəyişlərlə müşahidə olunur. Zəlzələ evdə sakit halda olan az adamlar və çöldə tək-tək adamlar tərəfindən hiss edilir. Minik avtomobili keçərkən əmələ gələn titrəyişlərə oxşardır. Diqqətli insanlar yüngül əşyaların zəif, yuxarı mərtəbələrdə isə bərk yellənməsini müşahidə edirlər.

IV balda açıq-aşkar titrəyiş hiss olunur. Zəlzələ bina daxilindəki insanların çoxu, çöldəkilərin isə bəziləri tərəfindən hiss olunur. Yatanların bəzisi ayılır, lakin qorxmurlar. Ağıryüklü maşının əmələ gətirdiyi titrəyişlərə oxşardır. Pəncərə və qapıların cingiltisi, döşəmə və divarların cırıltısı eşidilir. Mebelin titrəyişi, asılan əşyaların yüngül yellənməsi, açıq qablardakı mayelərin dalğalanması müşahidə olunur. Təkan dayanmış avtomobillərdə də hiss edilir.

V balda zəlzələ bina daxilindəki bütün insanlar, çöldəkilərin çoxu tərəfindən hiss olunur. Yatanların çoxu ayılır. Bəzi adamlar çölə qaçırlar. Heyvanlar narahat olurlar. Bina bütünlüklə titrəyir. Asılı əşyalar yellənir. Bəzi dayanıqsız əşyalar aşır və ya sürüşür. Qapı və pəncərələr açılır və yenidən çırpılır. Dolu qablardan maye dağılır. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində yüngül zədələr, suvaqda xırda çatlar əmələ gələ bilər.

VI balda zəlzələ bina daxilindəki və çöldəki insanlar tərəfindən hiss olunur.Bəziləri müvazinətini itirir, ev heyvanları yuvalarından qaçırlar. Şüşə qabların sınması, kitabların düşməsi, ağır mebellərin hərəkəti müşahidə edilə bilir. İribloklu və panel tipli, adi kərpic binaların bəzilərində və çiy kərpicdən, gildən tikilmiş evlərin çoxunda yüngül zədələr, xırda çatlar əmələ gəlir.

VII balda binalar zədələnir.İnsanların böyük əksəriyyəti qorxu içində küçəyə qaçırlar. Onların çoxu ayaq üstdə çətinliklə dururlar. Sürücülər avtomobilin hərəkəti zamanı zəlzələni hiss edirlər. Dəmir – beton karkaslı binaların çoxunda yüngül zədələr, suvaqlarda xırda çatlar əmələ gəlir, suvağın hissələri qopur, adi kərpic evlərdə, iribloklu və panel binalarda orta zədələnmə, divarlarda kiçik çatlar müşahidə edilir. Bəzi hallarda yol kənarındakı iti yamaclarda sürüşmələr, yollarda çatlar yaranır. Su səthində dalğa əmələ gəlir, lil qalxdığından su bulanır, quyularda suyun səviyyəsi dəyişir, bir sıra hallarda mövcud bulaqlar itir və ya yenisi əmələ gəlir.

VIII balda binalar ciddi zədələnir. Qorxu və çaxnaşma yaranır. Avtomobil sürən sürücülər də narahatlıq keçirirlər. Ağacların budaqlarının sınması, ağır mebellərin sürüşməsi, bəzən isə aşması baş verir. Dəmir-beton karkas, iribloklu və panel binalarda orta zədələr, divarlarda xırda çatlar, bəzilərində isə ağır zədələr əmələ gəlir. Hətta bəzən boru kəmərlərinin qırılması, heykəllərin sürüşməsi, qəbirüstü daşların aşması, daş hasarların dağılması baş verir. Qruntlarda bir neçə santimetr ölçüdə çat əmələ gəlir, quyuların bəzilərində su itir və ya qurumuş quyulara su dolur.

IX balda bütün binaların zədələnməsi, ümumi çaxnaşma, heyvanların qışqırığı və qaçışması müşahidə edilir. Dəmir-beton karkaslı binaların dıvarlarında dərin çatlar, bəzilərində divar, uçması, birbaşa çatların əmələ gəlməsi və hətta tamamilə dağılması baş verir. Adi kərpic, iribloklu və panel binalarda divarlarda birbaşa çatlar, bəzi divarların uçması, bəzən isə tam dağılması müşahidə olunur. Abidələr və sütunlar aşır, yeraltı boru kəmərləri qırılır, bəzi hallarda dəmir yolu reysləri əyilir. Qruntdakı çatların eni 10 sm-ə çatır, sürüşmə halları, su üzərində iri dalğalar qeyd olunur.

X balda bütün binalarda dağıntı baş verir. Dəmir-beton karkaslı binaların divarlarında birbaşa çatlar, uçma, bəzən isə binanın tam dağılması, adi kərpic, iribloklu və panel binalar, həmçinin çiy kərpicdən kənd evlərinin tam dağılması müşahidə olunur. Qruntda onlarla santimetr, bəzən 1 metrə qədər enində çatlar, iti yamaclarda sürüşmələr qeyd olunur, sahilyanı bölgələrdə lillə qum kütlələrinin qarışması, çaylardan, göllərdən suyun kənara çıxması, yeni göllərin əmələgəlməsi hallarına rast gəlinir.

XI balda, sözün əsl mənasında fəlakət baş verir. Yaxşı tikilmiş tikililər, körpülər, bəndlər, dəmir yolları ciddi zədələnir, əksəriyyəti uçur, yeraltı boru kəmərləri dağılır, şosse yolları yararsız hala düşür. Yer səthində enli çatlar, horizontal və vertikal istiqamətlərdə yerdəyişmələr, dağ uçqunları baş verir.

XII balda demək olar ki, bütün yerüstü və yeraltı qurğuların zədələnməsi, yer səthinin dəyişməsi, qruntlarda böyük yerdəyişmələrlə müşayiət edilən iri çatlar, dağ uçqunları müşahidə olunur, göllər, şəlalələr əmələ gəlir, çaylar istiqamətini dəyişir.

Yanlış hərəkətlər vəziyyəti bir qədər də qəlizləşdirir

Araşdırmalar göstərir ki, insanlar təbii fəlakətlər, zəlzələr barəsində nə qədər məlumatlı olsalar, itki də bir o qədər az ola bilər. İnsanlar məlumatsız olduqları zaman, bir çox hallarda, nə etdiklərini və nə edəcəklərini bilmirlər. Yanlış hərəkətlər isə, vəziyyəti bir qədər də qəlizləşdirir. Təəssüf ki, telekanallarımızda bu barədə maarifləndirici verilişlər yox dərəcəsindədir.

Zəlzələ barədə məlumatsız insanlar təbii fəlakət baş verdikdə adətən, emosional stress keçirdiklərindən təhlükəli qərarlar qəbul edirlər. Məsələn, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullananlar, liftə minənlər olur. Zəlzələ zamanı insan təlafatı, itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin, interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədar olur. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Mənzildə ağır əşyaların yuxarı hissələrdə saxlanılması qətiyyən məsləhət deyil. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır.

Tövsiyə edilən müdafiə tədbirlərindən biri də çaxnaşmaya düşməməkdir. Söhbət ondan gedir ki, zəlzələ yer tərpənməsi olub bir neçə saniyə, güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də binanın içərisində olduğunuz zaman təcili sürətdə təhlükəsiz yerə qaçmaq daha məqsədəuyğundur. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq lazımdır. Unutmayın ki, binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişin.

Zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçur

Xəsarət almış binalarda təkrar təkanlar daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan – kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durun. Onlar aşa və ya yerindən tərpənib sizə ağır zədə vura bilər. Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Unutmayın ki, zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçur. Güclü təkanlardan sonra əgər elektrik və qaz sistemləri açıqdırsa, onları söndürün. Kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər.

Binadan kənardasınızsa oraya yaxınlaşmayın, əksinə, ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın.

Təmkinli olmağa çalışın

Zəlzələdən sonra təmkinli olun. Rəsmi orqanların məlumatlarından faydalanın və onların tövsiyələrinə əsasən hərəkət edin. Telefondan yalnız zədə almış insanlar barədə xəbər vermək üçün istifadə edin, digər hallarda telefon xətlərini məşğul edərək xilasetmə və tibb xidmətlərinin işinə mane olmayın. Yaralılara ilk yardım göstərin, ehtiyacı olanların yanına həkim göndərin. Yanğın ocaqlarını tapın və imkan dairəsində onları söndürməyə kömək edin. Zədələnmiş binaların yanından keçərkən çox diqqətli olun. Qəflətən uçqunlar baş verə bilər. Bundan başqa, qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO