İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Şahin Mustafayev Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin operativ həlli üçün qəbulda iştirak edən nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən Trend-ə cümə günü daxil olan məlumatda deyilir.
Qəbula gələn vətəndaşların sahibkarlıq fəaliyyəti və güzəştli kreditlərin verilməsi ilə bağlı müraciətləri araşdırılmış və bir sıra məsələlər yerindəcə həllini tapmışdır. Qəbulda olan sahibkarlarla cins heyvandarlıq, intensiv bağçılıq, kiçik sənaye müəssisələrinin yaradılması sahələri üzrə layihələr də müzakirə edilmiş, onların təklifləri dinlənilmiş və investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul zamanı İsmayıllının İvanovka kəndində istehsal və emal sahələrinin yaradılması barədə də müzakirələr aparılmışdır.
Vətəndaşların sosial, işə qəbul və s. məsələlərlə bağlı müraciətlərinin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Bundan başqa, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin, xüsusilə də Dağlıq Şirvan iqtisadi rayonundan olan vətəndaşların ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib, vətəndaşların qəbul üçün müraciətləri Nazirliyin e-poçt ünvanı, müvafiq əlaqə telefonları, 195-2 Telefon Məlumat Mərkəzi, Nazirliyin rəsmi internet və facebook səhifələri vasitəsilə qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun keçirilməsindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.