Milli Məclisin deputatları 700 bal toplayan abituriyentlərlə görüş keçiriblər

Milli Məclisin deputatları 700 bal toplayan abituriyentlərlə görüş keçiriblər

Milli Məclisin deputatları bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə Bakıda Gənclər Evində görüş keçiriblər.

Trend-in məlumatına görə, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri – Rövşən Rzayev, Cavanşir Feyziyev, Fuad Muradov, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, “AGBank”ın və “Azercell”in nümayəndələri, Türkiyənin Bilkənt Universitetinin professoru Həsən Əli Karasar, Cənubi Koreyanın “SK Telekom” şirkətinin vitse-prezidenti Damion Kimin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

PJB sədri Elşad Eyvazlı tədbirin açılışında bildirib ki, ən yüksək bal toplayan bu tələbələr eyni zamanda ali təhsil müəssisələrində oxuyarkən nəticələrini qoruyub saxlamalıdırlar.

Onun sözlərinə görə, tədbirin məqsədi yüksək bal toplamış 6 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olmasına nail olmaqdır.

Daha sonra millət vəkili Rövşən Rzayev gəncləri təbrik edib və qeyd edib ki, Azərbaycanın gələcəyini təmin etmək üçün gənclərimiz üçün kifayət qədər şərait yaradılıb: “Amma bu şəraitdən yararlanmaq istəyənlər təəssüflər olsun ki, o qədər də çox deyil. Bu gün Azərbaycanda böyük inkişaf edir və siz əməyiniz və fəaliyyətinizlə Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün tarixi həqiqtələri dünyaya çatdırmağı, informasiya müharibəsində dönüş yaratmağı bacarmalısınız”.
Millət vəkili Cavanşir Feyziyev gəncləri təbrik edirək bildirib ki, onların seçdikləri ixtisas bu gün ən gərəkli ixtisaslardır: “Bu gün Azərbaycanın bəzi universitetlərində beynəlxalq standartlardan heç də geri qalmayan və hətta bəzi hallarda onları üstələyən müəssisələr var ki, sizlər onları seçmisiniz”.

Millət vəkili Fuad Muradov isə tədbirdə bildirib ki, bu gün Azərbaycanda gedən təhsil və sosial-iqtisadi islahatlar ölkə cəmiyyətində belə gənclərin yetişməsinə gətirib çıxarır: “Azərbaycan indiki təhsil sistemində çox böyük işlər görülür. Bu çox böyük nailiyyətdir və sizə uğur arzu edirəm. Bu cür tədbirlərin keçrilməsində məqsədimiz təhsil sisteminə yeni daxil olanların sizdən örnək götürməsidir”.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə qeyd edib ki, 700 bal toplayaraq bir anın içərəsində məşhur olmaq hər bir gəncin arzusudur, bu da sizi nəsib olub. Sizinlə bu tip görüşlər davam edəcək. Amma bilmək lazımdır ki, bu uğur və müvəffəqiyyəti saxlamaq lazımdır.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qəbul imtahanlarında yüz min abituriyentin iştirak etdiyini nəzərə çatdıraraq onların yüz minlik yarışın qalibi olduqlarını bildirib: “Bu böyük nailiyyətdir və bunların təbliği hazırda məktəbdə oxuyan və gələcəkdə ali təhsil almaq istəyən şagirdlər üçün böyük stimuldur”.
Daha sonra “AGBank”ın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov 700 bal toplayan 6 tələbəyə bank adından hədiyyələr (mini İpad) təqdim edib. “Azercell” şirkətinin mətbuat və nəşriyyat bölümünün təmsilçisi Xatirə Tağıyeva da şirkət adından 6 tələbəyə hədiyyələr (telefon) təqdim edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO