Azərbaycan Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) oktyabr ayında ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı təşkil edəcəklər. Nazirlikdən APA-ya verilən məlumata görə, 4 günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək.
Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə hazırlanmış iki günlük konfrans öncəsi təlim seminarında iştirak edəcəklər. Daha sonra onlar Kiber Terrorizm üzrə BMT TŞ-nın simulyasiya sessiyasına qatılacaqlar. Konfransa hazırlıq çərçivəsində gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İP əməkdaşlarından ibarət nümayəndə heyəti 26-30 avqust tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil qərargahına səfər edəcəklər. Nümayəndə heyəti həmçinin Nyu-York şəhərində illik BMT Model seminarında iştirak etmək imkanı əldə edəcək.
BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, konfliktləri həll edirlər.
Azərbaycan 1 yanvar 2012 ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və onun üzvlüyü 31 dekabr 2013 cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012 ci ilin may ayında TŞ-ə sədrlik edib və növbəti sentyabr ayından bir aylıq müddətə yenidən başçılıq edəcək.