Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Oğuz rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılsın.
Dövlət başçısının digər sərəncamı ilə on bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılması qərar alınıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.