Azərbaycan prezidenti: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”

Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır. Regional inkişaf proqramlarının qəbul edilməsi məhz bu məqsədi güdürdü. APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Balakəni indiki Balakənlə müqayisə etmək mümkün deyil. Bundan əvvəl demək olar ki, burada görüləsi işlər çox idi. Yadımdadır, ilk dəfə buraya gələrkən demişdim ki, əminəm, inkişaf olacaq və Azərbaycan dövləti bu bölgənin inkişafına öz dəstəyini verəcək. Bu gün bu bölgə cənnətə çevrilib. Bakıdan başlayaraq Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən – bütün bu zona canlanır, turizm mərkəzinə çevrilir, beynəlxalq tədbirlər, sammitlər keçirilir. Əlbəttə ki, bu, Azərbaycanın inkişafını göstərir”, deyə prezident qeyd edib.

Dövlət başçısı qeyd edib ki, hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir: “O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artıb. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa ölkələrdən fərqli olaraq düşünülmüş siyasət aparılır və heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir və iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini də təmin edir”.

Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir: “O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən edilib. Biz inkişaf etmiş ölkəyə çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaşın töhfəsi çox vacibdir. Balakənlilər həmişə olduğu kimi, Vətənə, dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə də təkan verirlər. Belə gözəl binaların yaradılması əlbəttə ki, dediyim sözlərin sübutudur”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO