İsrailin milli bayramı qeyd olunub

Bakıda İsrail dövlətinin müstəqilliyinin 65 illiyi qeyd olunub.
Trend-in məlumatına görə, bu münasibətlə təşkil olunan rəsmi qəbul mərasimində Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda yaşayan yəhudi icmasının nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkəsinin milli bayramını Azərbaycanda qeyd etməkdən məmnun olduğunu diqqətə çatdırıb. O çıxışında ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunduqlarını vurğulayıb.
Diplomat, dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
İsrail ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir bu münasibətlərin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Səfir həmçinin vurğulayıb ki, yəhudilər həmişə Azərbaycanda təhlükəsiz və rahat şəraitdə yaşayıblar.
Tədbirdə Azərbaycan dövləti adından çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail dövlətini və xalqını milli bayram münasibəti ilə təbrik edib.
Abbasov qeyd edib ki, İsrail ilə Azərbaycan arasında həmişə isti münasibətlər mövcud olub və Azərbaycan müstqillik əldə etdikdən sonra bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, iki ölkə arasında iqtisadi, siyasi, mədəniyyət və elm sahələrində sıx əməkdaşlıq mövcuddur.
Abbasov bildirib ki, Azərbaycan və İsrail arasında müxtəlif sahələri əhatə edən münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Abbasov əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO