MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİRAvropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin iclası keçirilmişdir. Müzakirələrdə Azərbaycan üzrə həmməruzəçilər Andreas Herkel və xanım Yevgeniya Jivkova, Azərbaycan nümayəndə heyətinin və Monitorinq komitəsinin üzvləri çıxış etmişlər. İclasda əsasən Azərbaycanda martın 18-də keçiriləcək referendum və milli tezliklərdə xarici radiostansiyaların yayımının dayandırılması ətrafında fkir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclas baradə AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir:
– Monitorinq komitəsi ölkəmizdə keçiriləcək referendumun Azərbaycan xalqının tam hüquqi səlahiyyətində olmasını bir daha vurğulamışdır. Heç bir təşkilat, heç bir qurum bu məsələ ilə bağlı Azərbaycana təyziq göstərə bilməz. Yalnız AŞ və onun Venesiya Komissiyası öz dəstəyini, köməyini və münasibətini verməyə hazırdır.
Xarici radiostansiyalarla bağlı məsələyə gəldikdə, bəziləri, xüsusilə məruzəçilər bu radiostansiyaların bağlanmasını Azərbaycanda guya söz azadlığının və azad mətbuatın sıxışdırılması kimi təqdim etməyə çalışırlar. Ancaq Monitorinq komitəsi hesab edir ki, bu radiostansiyaların bağlanması AŞ-nin Azərbaycana tövsiyə etdiyi qanun əsasında baş vermişdir. Azərbaycanın Milli Teleradio Şurası (MTRŞ) AŞ tərəfindən tövsiyə olunmuş bir qurumdur və onun qərarının qanunazidd olması inandırıcı deyildir. Azərbaycan nümayəndə heyətinin üzvləri bu fikirləri çatdırandan sonra komitə üzvlərinin əksər ölkələrdən olan nümayəndələri onlarda da radiostansiyaların yayımına icazə verilmədiyini xatırlatmışlar. Məsələn, Böyük Britaniyada heç bir radiostansiyanın fəaliyyət göstərməsinə icazə verilməmişdir. ABŞ-da da Əl-Cəzirə televiziyasının yayımına icazə yoxdur. Bunu başa düşərək, komitə bəzi insanlar tərəfindən təqdim olunmuş sənədi qəbul etmədi.
Mən çox təəssüf edirəm ki, AŞ-də bəzi qüvvələr Azərbaycan-AŞ münasibətlərinə xələl gətirmək istəyir. Bu, baş tutmayacaqdır. Azərbaycanın atdığı addımlar qanun çərçivəsindədir və bu AŞ tərəfindən qəbul olunmuş qanuna uyğundur.
Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli isə çıxışında bildirmişdir ki, AŞ-nin mövqeyi anlaşılmazdır. AŞ bir tərəfdən, Azərbaycan hökumətini korrupsiya ilə mübarizəyə səsləyir, digər tərəfdən, korrupsiya cinayətlərinə görə həbs olunmuş insanların azad olunması ilə bağlı tələb irəli sürür. Bu, kifayət qədər qeyri-ardıcıl bir yanaşmadır və bizim üçün çox müəmmalıdır.
Deputat demişdir ki, AŞ-nin üzvü olan digər ölkələrdə jurnalistlər öldürülür, seçki saxtakarlığına etiraz edən insanlar həbs edilir. Bu insanların siyasi məhbus olması heç kimdə şübhə doğurmur. Buna baxmayaraq, AŞ həmin insanlar üzrə məruzəçinin təyin olunmasının zərurətindən danışmır, bu məsələləri qabartmır. Amma AŞPA rəsmilərinin və Azərbaycan üzrə məruzəçilərin Azərbaycandakı vəziyyəti dramatikləşdirici şəkildə Avropaya təqdim etməsi, ən azı, Azərbaycana qarşı mövcud olan ikili standartların bariz nümunəsidir. Azərbaycan müstəqil dövlət, öz suveren inkişafında maraqlı olan bir ölkə olaraq, ikili standartların tətbiqi ilə barışmayacaq və həmişə olduğu kimi, məhz öz dövləti maraqlarından çıxış edəcəkdir. (AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO