Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda rəsmi səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) prezidenti Çao Dzyaminin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib və müzakirələrin nəticəsi olaraq ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Anlaşma Memorandumu” imzalanıb.
Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Cin xalqının sınanmış liderləri Heydər Əliyev və Dzyan Dzemin, sonrakı illər ərzində isə dövlət başçıları cənab İlham Əliyev və cənab Hu Cintaonun misilsiz xidmətlərini xüsusi qeyd edib.
Azərbaycan Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Beynəlxalq Prokurorlar Assosiasiyası və İAACA çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xüsusi qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə, 2006-cı ildə İAACA-nın yaradılması zamanı Azərbaycan bu təşəbbüsü fəal surətdə dəstəkləyib və bu gün də ölkəmiz həmin təşkilatın işində fəal iştirak edir.
Azərbaycan Prokurorluğunun struktrunda Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdıran Baş prokuror bu sahədə zəruri məlumatları özündə əks etdirən sənədləri qonaqlara təqdim edib.
Azərbaycan və Çin Xalq Respublikaları arasında 1999-cu ildə “Əməkdaşlıq haqqında” Sazişin imzalanması ilə təməli qoyulan və bu gün imzalanan “Anlaşma memorandumu” ilə keyfiyyətcə yeni müstəviyə qaldırılan ikitərəfli əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və tərəflərə öz səmərəsini verəcəyinə inam ifadə olunub.
Görüşdə çıxış edən Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Çao Dzyamin ölkəmizin prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırıb. Azərbaycan və Çin arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.