Avropa Şurası Parlament Assambleyası (AŞPA) öldürülən ukraynalı jurnalist Georgi Qonqadzenin qətlinə sifariş verənlərin tapılmasını tələb edir. Parlament Assambleyasının qəbul etdiyi qətnamədə deyilir ki, icraçılardan başqa təhrikçilər və təşkilatçılar da məsuliyyətə cəlb edilməyənə qədər Qonqadzenin qətliylə bağlı istintaq yekunlaşmış sayıla bilməz.
Assambleya hesab edir ki, ukraynalı prokurorlar «Melniçenko qeydləri» adlandırılan qeydlərin identifikasiyasını əcnəbi ekspertlərin iştirakıyla həyata keçirməlidirlər. İddia edilir ki, həmin qeydlərdə Ukraynanın keçmiş prezidenti Kuçmanın və yüksək vəzifəli üç şəxsin Qonqadzeni aradan götürülməsini müzakirə edilməsi əksini tapıb. Qətnamədə o da tələb olunur ki, qətldə iştirak etdiyi iddia olunan general Pukaçın həbsdən necə buraxıldığı və İsrailə necə gedib çıxdığı aydınlaşdırılsın. Assambleyanın bir tələbi də budur:
«Ukraynalı prokurorlar mərhum daxili işlər naziri Yuri Kravçenkonun işlə bağlı dindirilməsinə az qalmış intihar etməsi barədə iddiaları və bu ölümün ətrafındakı naməlum halları araşdırmalıdır».
Georgi Qonqadze Kuçma hakimiyyətiylə bağlı tənqidi mövqeyilə seçilib və qətlə yetirilib. Azərbaycanlı jurnalist Elmar Hüseynov da Əliyev hakimiyyətinə tənqidi mövqeyilə tanınıb və qətlə yetirilib. Əgər Qonqadzenin qətlinin icraçıları həbs olunubdusa, Elmar Hüseynovun nəinki qətlinə sifariş verənlər, təşkilatçılar, hətta qətli birbaşa icra edənlər də hələ azadlıqdadır. Bəs AŞ PA Azərbaycan hakimiyyətindən Elmar Hüseynovun da qatillərinin, qətlinə sifarişçilərin tapılması üçün beynəlxalq istintaq tələb edə bilərmi?
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir, bir halda ki, artıq ortada Qonqadzenin nümunəsi var, deməli, Elmar Hüseynovla da bağlı belə bir tələb qoyula bilər. Ancaq Arif Əliyevin fikrincə, ölkəsində yazılarına, hakimiyyətinə tənqidi mövqeyinə görə, jurnalist öldürülən media təşkilatları bir araya gəlib AŞPA-ya, beynəlxalq qurumlara birgə müraciət etməlidilər:
«Tək Qonqadzenin işiylə bağlı belə tələb qoyulmasın. Ukrayna, Rusiya, Azərbaycan jurnalist təşkilatları bir araya gəlib birgə müraciət etsinlər. Çünki bu ölkələrdə öldürülən jurnalistlərin qətli arasında bir paralellik var. Beynəlxalq istintaq da paralel aparılmalıdır».
Arif Əliyev Elmar Hüseynovun qətliylə bağlı aparılan istintaqa diqqəti çəkir, deyir ki, istintaqın ilk mərhələsində amerikalı, türkiyəli mütəxəssislər işə cəlb olundular və istintaqa xeyli kömək etdikləri onların sonradan verdikləri açıqlamalardan göründü. Amma Elmar Hüseynovun qətliylə bağlı istintaq yarımçıq qaldı. Respublika Prokurorluğunda açılan cinayət işində jurnalistin qətliylə bağlı Teymuraz Əliyev və Tahir Xubanov adlı şəxsləri təqsirləndirir. Respublika Prokurorluğu bildirir ki, İnterpol vasitəsilə bu şəxslər axtarışdadır. Bir qrup jurnalist isə bu şəxslərin Gürcüstanda azad yaşadığını iddia edir.
Hüquqşünas İntiqam Əliyev «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına deyib ki, AŞPA-nın ukraynalı jurnalistlə bağlı qətnaməsi hüquq əhəmiyyətdən çox siyasi əhəmiyyəti var. Və əslində, qurum çıxılmaz duruma düşdüyü üçün belə addım atmalı olub.
«Avropa Şurası postsovet ölkələri kimi fenomenlə rastlaşıblar. Bu ölkələr normal məhkəmə, normal hüquq-mühafizə sisteminin qurulması yönündə öhdəliklər götürüblər. Amma öhdəliklər yerinə yetirilmir. Ukraynada, Gürcüstanda, Azərbaycanda, Ermənistanda normal məhkəmə sistemi olsa, bu cür qərarlar qəbul edilməzdi. Bu çıxılmazlıqdan verilmiş qərardır, hüquqi qərardan çox siyasi qərardır».
Hüquqşünas deyir ki, hələ Qonqadzenin işi Elmar Hüseynovun işindən çox irəli gedib. Qətldə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Amma bununla kifayətlənməyən Ukrayna ictimaiyyəti vaxtaşırı bu məsələyə qayıdır və qurum qarşısında da bu məsələni qaldırır deyə AŞPA da münasibət bildirmək məcburiyyətində qalıb.
«Azərbaycandan fərqli olaraq Ukraynada bu cür tələblər daha təkidlə səslənir. Ona görə də araşdırma aparılır. Azərbaycan cəmiyyətində də bu cür tələblər israrla səslənsə, AŞPA münasibət bildirəcək…»
(«Azadlıq» radiosu)