Rəbiyyət Aslanova: «Dəyişikliklər Konstitusiyaya zidd olsaydı Konstitusiya Məhkəməsi müsbət rəy verməzdi»
18 marta təyin edilən referendum əleyhinə ölkənin aparıcı müxalifət partiyalarını özündə birləşdirən «Respublika və Qarabağ Uğurunda Vətəndaş Hərəkatı» Təşviqat Qrupunun sonuncu toplantısında Konstitusiyaya təklif olunan dəyişiklikləri qanunsuz hesab edib.
Müxalifət həmin əlavə və dəyişikliklərin özünün Konstitusiyanın bir sıra müəddəaları ilə ziddiyyət təşkil etdiyini əsas gətirərək, referendumun ləğv edilməsini tələb edib.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qəzetimizə müsahibəsində bu ittihamlara cavab verib: «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə məsələ gündəmə gəlmə zərurəti hamıya aydındır. Referendum ona görə keçirilir ki, demokratik yolla inkişaf edən dövlətimizin ana qanunda bəzi islahatlar üçün zərurət yaranıb. Bununla bağlı geniş danışmağa ehtiyac yoxdur. Referendum qərarı verilib və ölkə ictimaiyyəti də buna hazırlaşır. Bu gün siyasi partiyalar da bu prosesdə iştirak edir».
Təklif olunan əlavə və dəyişikliklərin Konstitusiyanın bəzi müddəaları ilə ziddiyyət təşkil etməsi barədə fikirlərə gəlincə, YAP-çı deputat bununla razılaşmadığını deyib: «Milli Məclis referendumun vaxtını elan etməzdən əvvəl Konstitusiya Məhkəməsi ona rəy verib. Əgər konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə konstitusiyanın özü ilə ziddiyyət təşkil edən məqamlar olsaydı, o zaman Konstitusiya Məhkəməsi buna müsbət rəy verməzdi. Konstitusiyaya təklif olunan hər bir müddəa insan hüquqlarının təmin olunmasına xidmət edir». («Bizim Yol»qəzeti)