Aprelin 8-11-də Norveçin paytaxtı Osloda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Sosial ədalət, iş və artım” mövzusunda 9-cu Avropa Regional Konfransı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti də konfransda iştirak edib.
AHİK-dən APA-ya verilən məlumata görə, konfransda 51 Avropa və Mərkəzi Asiya ölkələrindən olan hökumət, işəgötürən və həmkarlar ittifaqları nümayəndələri regionda davam edən maliyyə, iqtisadi və sosial böhranla bağlı məsələləri müzakirə ediblər.
Aprelin 10-da AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev müasir dövrdə gənclərin problemlərinə həsr olunmuş məsələlərlə bağlı konfransda çıxış edib.
S. Mehbalıyev çıxışında qeyd edib ki, tədbir çox mühüm problemlərin həllinə həsr olunub. Bildirilib ki, dünya əhalisinin 1,2 milyardını, yəni 15-dən 24 yaşadək olan hər 5 nəfərdən birini gənclər təşkil edir ki, onların da yalnız 43%-i məşğuldur.
Azərbaycanda 15-29 yaş arası gənclər ölkə əhalisinin 29,3%-ni təşkil edir ki, bunun da 24,4%-i işləyir. Respublikada gənclər arasında işsizlik 10,9% təşkil edir. 130 min işsiz gəncin 13,9%-i ali təhsilli, 54,6%-i orta təhsillidir.
AHİK sədri bildirib ki, Azərbaycan Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan bir çox qabaqcıl ölkələrin cərgəsinə qoşulub və bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə BMT tərəfindən dəstəklənib.
S. Mehbalıyev deyib ki, bütövlükdə Azərbaycan Həmkarlar İttifaqları gənc nəslin həyat tərzinin inkişafı və yaxşılaşdırılması üzrə məsələləri daim diqqət mərkəzində saxlayır. Gənclərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, onların fəal həmkarlar ittifaqı işinə cəlb edilməsi üçün Gənclər Şurası fəaliyyət göstərir.