2008-ci ildə Milli Məclis qanun yaradıcılığı işində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək bu sahədə xeyli nailiyyətlər əldə etmiş, Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası baxımından mühüm əhəmiyyətli işlər görmüşdür. Bu fikir yanvarın 28-də Milli Məclisdə yaz sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında səslənmişdir. Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirmişdir ki, qurumun ötən il yaz (1 fevral–30 may) və növbədənkənar (2 iyun–4 iyul) sessiyalarında ümumilikdə parlamentin 18 iclası keçirilmiş, 145 qanun və qərar qəbul edilmişdir. Parlamentin yaz sessiyasında 13 iclas keçirilmiş, 85 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklər və əlavələr qəbul olunmuşdur. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuş, 36 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Bununla yanaşı, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Növbədənkənar sessiya dövründə 5 iclas keçirilmiş, 60 qanun və qərar qəbul olunmuşdur.
Ötən ilin payız sessiyasında (2 oktyabr–30 dekabr) parlamentin 13 iclasının keçirildiyi, 90 qanun və qərarın qəbul edildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilmiş, 7 qanun, 14 qərar qəbul olunmuş, 30 beynəlxalq müqavilə və Konvensiya təsdiqlənmişdir. Bununla yanaşı, bu dövrdə 37 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Payız sessiyasında qəbul olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri də “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında” qərar olmuşdur. Referendum aktı barədə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra Milli Məclis dekabrın 26-da keçirilmiş iclasında sənəd layihəsini 2009-cu il martın 18-də ümumxalq səsverməsinə çıxarmaq barədə qərar qəbul etmişdir. Ümumilikdə isə, 2008-ci ildə 31 iclas keçirilmiş, 235 qanun və qərar qəbul edilmişdir.
A.Nəsirov ötən dövrdə Milli Məclisin mətbuat xidmətinin kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etdiyini, parlamentin fəaliyyətini 10 televiziya kanalı, 5 radio, 13 informasiya agentliyi, 42 qəzetin işıqlandırdığını diqqətə çatdırmış, kütləvi informasiya vasitələri nümayəndələri üçün Milli Məclis Aparatında lazımi şəraitin yaradıldığını söyləmişdir.
Milli Məclisin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı barədə danışan mətbuat katibi qeyd etmişdir ki, fevralın 2-də başlayacaq sessiyada İnzibati Prosessual, Tikinti, Mənzil, Şəhərsalma, Rəqabət məcəllələrinin layihələrinin, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Arıçılıq haqqında”, “Pambıqçılıq haqqında”, “Təhsil haqqında”, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur.
Tədbirdə, həmçinin bildirilmişdir ki, ötən dövrdə Milli Məclisdə iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə aparılan yenidənqurma, təmir-bərpa işləri və yeni korpusun tikintisi davam etdirilmişdir. Milli Məclisin inzibati binasının yeni görkəmi parlamentə gələn xarici qonaqların da marağına səbəb olmuşdur. Bu dövrdə vətəndaşlarla əlaqələrin qurulmasında da yenilik tətbiq edilmiş, vətəndaşların bir qismi qəbula elektron poçt vasitəsilə yazılmışdır. Ötən illərlə müqayisədə şikayətlərin azalması da müşahidə olunmuşdur. Bu isə yerlərdə deputat köməkçilərinin fəaliyyəti ilə birbaşa bağlıdır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
(AzərTAc)