ABŞ – ın Əfqanıstana hücumundan sonra Quantanamo həbsxanasında məhbus olmuş “Taliban”ın Pakistandakı keçmiş səfirinin fikrincə, ABŞ Quantanamo həbsxanasından siyasi məqsədlər üçün istifadə edir.
“ABŞ Quantanamo həbsxanasını siyasi məqsədlər üçün yaradıb və bu həbsxananın heç bir hüquqi əsası yoxdur”,- deyə Əfqanıstanın İslami Əmirlik hökumətinin (“Taliban”) Pakistandakı keçmiş səfiri Əbdül – səlam Zəif çərşənbə axşamı Kabildə TrendNews – a eksklüziv müsahibəsində bildirib.
ABŞ prezidenti Barak Obama yanvarın 20 – də inauqurasiya mərasimindən sonra Quantanamo həbsxanasının bir il ərzində bağlanması haqda sərəncam imzalayıb. Əfqanıstan hökuməti ABŞ – ın bu addımını alqışlayıb.
Zəifin sözlərinə görə, ABŞ Quantanamo həbsxanasını Mərkəzi Asiya regionu haqqında yeni məlumat almaq üçün yaradıb.
“ABŞ bir çox siyasətçi və hərbçini bu həbsxanada dustaq edib və burada məlumat almaq məqsədilə müxtəlif təzyiq vasitələrindən istifadə olunub”, – Zəif deyib.
Onun sözlərinə görə, ABŞ – ın güc tətbiq etməklə əhalidən insanlar barəsində məlumat toplamaq hüququ yoxdur.
İndiyədək müxtəlif insan haqları müdafiəsi təşkilatları Quantanamo həbsxanasında məhbuslara işgəncə verilməsinə etiraz edib. Quantanamoda yerləşən hərbi dəniz qüvvələri bazası ABŞ – ın Əfqanıstana hücumundan sonra, 2002 – ci ildə həbsxanaya çevrildi. Dünya ictimaiyyətində, hələ də Quantanamo həbsxanasından azad ediləcək şəxlərin yenidən terroçu təşkilatlarına üzv olacaqlarından narahatlıq var. New-York Times qəzetinin naməlum mənbələrə istinadən yanvarın 24 – də yaydığı məlumata əsasən, Quantanamo həbsxanasının keçmiş məhbuslarından biri hazırda “Əl-Qaidə” rəhbərinin Yəmən üzrə müavinidir. Qəzet xəbər verir ki, Səid Əli Əlşəhri sentyabrda Yəmənin paytaxtı Səna səhərində baş vermiş partlayışın təşkilində ittiham olunur.
ABŞ prezidenti Barak Obamanın yeni sərəncamına əsasən, 120 gün ərzində Quantanamo həbsxanasının 250 məhbusunun işinə yenidən baxılmalıdır. Bu o deməkdir ki, onlar vəkil hüquqlarından istifadə edə biləcək və günahsız olduqları sübut olunarsa, azad olunacaqlar. Hələ ötən illərdə 135 məhbusa qarşı ittiham sənədləri olmadığı üçün, onlar azadlığa buraxılmalı idi. Lakin Buş administirasiyasının onların hansı ölkəyə göndəriləcəkləri barədə problemləri yaranıb.
Zəifin sözlərinə görə, ABŞ bu hərbi həbsxananı yaratmaqla beynəlxalq ictimaiyyətdən dəstək almaq istəyib. “ABŞ dünya xalqlarına Quantanamoda bütün vəhşi insanları, terrorçuları və qatilləri topladığını və onlar həbsdən azad edilərsə, dünyanın qan içində boğulacağını demək istəyir”, – deyə Zəif bildirib.
Onun sözlərinə görə, Quantanamoda qeyri – adi heç bir şey yoxdur. “Bütün dünya düşünmədən ABŞ – ın -Quantanamodakı məhbuslar azad edilərsə, dünyanı məhv edəcək- sözlərinə inanıb”, – o deyib.
Lakin 2008 – ci il mayın 21- də senatda çıxış edən ABŞ müdafiə naziri Robert Qeyts bəyan edib ki, Quantanamonun 500 keçmiş məhbusu azad edilib və onlardan 36-sı yenidən terrorçu təşkilatlara qoşulublar. New -York Times – ın məlumatına görə, Quantanamodan azad olunmuş küveytli Abdulla əl – Əşami özünü partladıb, nəticədə altı nəfər həlak olub.
Bundan əlavə, ABŞ – ın bu həbsxananı yaratmaqla Əfqanıstan, ordu komandanları, siyasətçilər və bütün dünyanı “məlumatlandırıb” ki, “ABŞ qarşısında boyun əyməsəniz, sizi bu həbsxana gözləyir”, – Zəif deyib.
“Bu həbsxana ABŞ – ın müxalifləri üçün yeganə dəhşət və qorxu rəmzidir”, – Zəif qeyd edib.
Onun sözlərinə görə, hazırda ABŞ məqsədlərinə çatıb və Quantanamonun mövcudluğu onun üçün əhəmiyyətli deyil.
ABŞ – ın müdafiə naziri Robert Qeyts 2006 – cı ildə Senatda çıxışı zamanı bildirib ki, ABŞ Quantanamonu bağlamaq istəyir, lakin heç bir ölkə məhbusları qəbul etməyəcək.
ABŞ istəyir ki, özünün yaratdığı insan haqlarına görə onu günahlandırmasınlar və ona görə, Quantanamonu bağlamaq qərarına gəlib. Bu həbsxananın bağlanması ABŞ siyasətində ciddi dəyişikliklərə sübut deyil. Əfqanıstan və islam dünyası bundan heç bir fayda almayacaq. Bu həbsxanada 28 günahsız əfqan var və onlar azad ediləcək”, – Zəif bildirib.
2006 – cı il də Molla Əbdül – səlam Zəifin “Quantanamonun görünüşü” adlı kitabı nəşr olunub. Kitab puştu dilində çap olunub.
Kitaba müqəddiməni “Taliban”ın keçmiş üzvləri – Məhəmməd Qasim Həlimi, Qazi Məhəmməd Həsən Həqyar və Əbdür-Rəhim Müslimdust yazıblar. 37 fəsildən ibarət kitab müəllifin 2002- ci ildə Pakistanda həbs olunduğu andan 2005 – ci il sentyabrın 11 – də Quantanamo həbsxanasından azad olunana qədər xatirələrindən bəhs edir.
Kitabda Pakistan hökumətinin Zəifin həbsinə münasibəti, istintaq xatirələri, Beqram, Qəndəhar, Quantanamo həbsxanalarındakı isgəncə və bir neçə məhbusun Quantanamo həbsxanasının görünüşü haqda xatirələri qeyd olunub.