ABŞ paytaxtında ölkənin 44-cü Prezidenti Barak Obamanın andiçmə mərasimi keçirilmişdir. Birləşmiş Ştatların dövlət başçısı vəzifəsinə ilk dəfə olaraq qaradərili siyasətçinin keçməsi ölkənin həyatında əhəmiyyətli tarixi hadisə kimi Vaşinqtonun Milli meydanına toplaşan bir milyondan çox insan tərəfindən seyr edilmişdir. Kapitoli qarşısında keçirilən andiçmə mərasimi bitdikdən sonra Barak Obama yeni Prezident kimi ilk nitqini söyləmişdir. Daha sonra o və birinci ledi Mişel Obama artıq sabiq prezident olan Corc Buşu ailəsi ilə birlikdə Texasa aparan vertolyota qədər yola salmışlar. Prezident Obamanın Kapitolidən Ağ evə gəlişi bayram paradı ilə müşayiət edilmişdir.
Yeni Prezidentə vəzifəsinin icrasına başlaması münasibətilə təbrik göndərənlər arasında ABŞ azərbaycanlıları da var idi. Nüfuzlu “Vaşinqton Post” qəzeti yanvarın 20-dəki xüsusi andiçmə buraxılışında ABŞ Azərbaycanlıları Şəbəkəsinin bəyanatını çap etmişdir. Bəyanatda yeni Prezidentə, vitse-prezidentə, Administrasiyaya və Konqresin yeni seçilən üzvlərinə təbriklərlə yanaşı, Amerikanın Azərbaycan icmasının Xəzər hövzəsi ilə bağlı məsələlərdə hakimiyyətə yardım etməyə hazır olması da vurğulanmışdır. Şəbəkə üzvləri bildirmişlər ki, ABŞ-ın icra və qanunvericilik hakimiyyətləri arasında icmamızı maraqlandıran məsələlərə aid daha yaxşı anlaşmanın olması üçün diaspor üzvləri rəsmi dairələrlə iş aparacaqlar. Bu məsələləri sadalayan ABŞ azərbaycanlıları onlar üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin, ABŞ-Azərbaycan və ABŞ-türk dünyası münasibətlərinin uzunmüddətli strateji tərəfdaşlığa çevrilməsinin mühüm olduğunu bildirmişlər.
Şəfəq Akifqızı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton