Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra mərkəzi planlı iqtisadiyyatdan azad və çiçəklənən ölkəyə keçid üçün Azərbaycanın böyük enerji ehtiyatlarından istifadə edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Caspian Group Holdings”in baş direktoru Rob Sübhani “Washington Times” qəzetində dərc olunan məqaləsində qeyd edir.
“Caspian Group” özündə energetika sahəsində beynəlxalq biznes maraqları olan çoxprofilli şirkətlər qrupunu birləşdirir.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən bazar iqtisadiyyatı Azərbaycanı son 10 il ərzində ÜDM-in ildə 24 faizlik artımı ilə keçmiş Sovet İttifaqı ölkəsindən Küveytə çevirib.
“Nəticələr fenomenaldır: Azərbaycan bütün dünyadan olan istehlakçılar üçün hər gün fasiləsiz olaraq təxminən 1 milyon barel neft ixrac edir, ölkənin neft fondu isə hazırda 35 milyard ABŞ dollarından çox təşkil edir. İlham Əliyev öz ölkəsinin neftindən silah kimi istifadə etmir. Bunun əvəzinə o, rəsmi Vaşinqtonun Xəzər regionundan neft və qazın beynəlxalq bazarlara fasiləsiz çatdırılması barədə fikirlərini bölüşür”, – məqalədə qeyd olunub.
Sübhani bildirib ki, bu prespektivli lider dini dözümlülüyün əhəmiyyətinə böyük diqqət ayırır. Azərbaycanlıların böyük əksəriyyəti əsasında mədəni və dini mövcudluğun birgə dayandığı cəmiyyət qurduqları üçün fəxr edir. Prezident İlham Əliyev Bakının mərkəzində sinaqoq və kilsələrin açılışında iştirak edir.
Məqalədə qeyd olunub ki, İlham Əliyev ABŞ ilə dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edib.
“Azərbaycan ABŞ-da 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından dərhal sonra terrorizmlə mübarizədə Qərblə əməkdaşlığı genişləndirdi. Bu gün Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə birlikdə təhlükəli missiyanı həyata keçirərək Əfqanıstanda xidmət edirlər. Senator Con Makkeynin sözlərinə görə, Azərbaycan xüsusi təyinatlıları cəsarət və ustalıqla əməliyyatlar aparırlar”, – Sübhani yazır.
Məqalədə deyilir ki, Prezident İlham Əliyev XXI əsrdə yaşadığını bilir və Azərbaycanın sərvətini ölkənin gələcəyinin təmin edilməsi üçün sərmayəyə çevirir. Bu yaxınlarda “Azerspace” peykinin orbitə buraxılması onun uzaqgörən siyasətinin parlaq nümunəsidir. Peyk Virciniyada 1500 amerikalını işlə təmin edən “Orbital Sciences Corp” şirkəti tərəfindən hazırlanıb.
“Azərbaycan Prezidenti anlayır ki, bu sahə mütəmadi araşdırmalar və təhsil sayəsində ölkənin intellektual potensialının artımına və bilik axınına yardım edəcək. Buna görə də təəccüblü deyil ki, 2013-cü il Azərbaycan Prezidenti tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları” ili elan edilib. “Azerspace”in orbitə buraxılması Vaşinqton və Bakı arasında əməkdaşlıqda daha bir mərhələdir”, – məqalədə deyilir.
Müəllif yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan demokratiyaya doğru irəliləyir. Vaşinqton Bakı ilə işləməlidir, lakin yadda saxlamalıdır ki, ABŞ-ın azad və ədalətli ölkə olması üçün bir çox illər sərf olunub.
“Vaşinqton, Azərbaycanın Yaxın Şərqdə etibarlı və məsuliyyətli müttəfiq kimi rolunu və strateji vəziyyətini qəbul edərək, bu münasibətlərin gələcəkdə genişləndirilməsi və möhkəmləndirilməsi üçün təcili addımlar atmalıdır. ABŞ Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha ciddi səylər göstərməlidir”, – məqalədə deyilir.