“Qaynar Xətt” Xidməti fəaliyyətə başladığı gündən bu günə kimi xidmətin tanıdılması üçün əhəmiyyətli işlər görülüb. 13 000-ə yaxın broşuralar çap olunmuş və əhalinin gur olduğu yerlərdə paylanmış, metro vaqonlarında bu günə qədər elanlar yerləşdirilmiş, Yeni Müsavat, 525-ci qəzet və Olaylar qəzetlərində elanlar çap etdirilmişdir. “Qaynar xətt” Xidmətinə daxil olmuş şikayətləri 7 hüquqşünasdan ibarət hüquqşünaslar qrupu araşdırmış, bütün problemlərə hüquqi qiymət verilmişdir. Qeyd edək ki, hüquq pozuntusu aşkar edilmiş bütün müraciətlərlə bağlı aidiyyatı üzrə rəsmi dövlət qurumlarına müraciətlər edilmiş, problemlərin həllində əməkdaşlığa çalışmışdır.
“Birgə İşçi Qrupu” olaraq bildiririk ki, daxil olmuş şikayətlərin statistikası heç də ürək açan deyildir. Belə ki, xüsusi ilə son həftələrdə elektrik enerjisi haqlarının yığımı (Xüsusi ilə Bakı şəhərində) və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları ilə bağlı şikayətlər ciddi şəkildə artıb. Qeyd edək ki, xüsusi ilə Bakı şəhərində elektrik enerjisi haqqlarının yığımı ilə bağlı vətəndaşlardan daxil olmuş şikayətlərdən aydın görünür ki, enerji haqlarını toplayan ayrı-ayrı əməkdaşlar vətəndaşları aldadaraq və qorxuzaraq onların sayğaclarında ciddi problemlər olduğunu, sayğaca müdaxilə etdiklərini deyərək və bəhanə gətirərək onları ya haqsız yerə cərimə edir ya da yüksək məbləğdə cərimənin əvəzinə “razılaşma” tələb edirlər. Tərəfimizdən ayrı-ayrı bu kimi faktlarla bağlı “Bakelektrikşəbəkəyə” edilmiş müraciətlər isə hələ də cavabsız qalmaqdadır. Qeyd edək ki, bu həm də “Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası Qanun”una ziddir və adıçəkilən qanunun 10-cu maddəsinin kobud pozuntusudur. Bakelektirkşəbəkəyə bu günə qədər ünvanladığımız müraciətlərə cavab verilməməsi və qanun pozuntusu törədmiş əməkdaşlarını cəzalandırmaması bizdə Bakelektirkşəbəkə və xüsusi ilə onun rəhbərliyinin yuxarıda qeyd etdiyimiz qanun pozuntusu törətmiş əməkdaşlarını himayə etməsi hissini yaradır və bizə görə bu hal o əməkdaşlara növbəti əməllərini törətmək üçün münbit şərait formalaşdırmaqdadır.
Yuxarıda qeyd etdiyimiz kimi “Qaynar Xətt” Xidmətinə son həftələrdə daxil olmuş əsas çoxsaylı şikayətlərdən biri də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları ilə bağlıdır. Qeyd etmək istərdik ki, vətəndaşlar əsasən əsassız saxlanmalardan və cərimə olunmaqdan şikayət edirlər. Bunlarla yanaşı vətəndaşlar magistral yollarda Yol Patrul Xidməti əməkdaşlarının heç bir qanuna və qanunçuluğa sığmayan və polis adına ləkə gətirəcək tərzdə patrul xidməti həyata keçirmələrindən şikayət edirlər. Qeyd etdiyimiz fakta, 14.12.08 tarixində “Birgə İşçi Qrupunun” müşahidəçilərinin Bakı-Astara yolunda Salyan Bakı istiqamətində həyata keçirdiyi monitorinq zamanı biz də şahid olduq. Hər bir neçə klometrdən bir uçuq evlərin qalıqları arasında, ağaclıqlarda, yük avtomobillərinin arxasında, üzərində Yol Patrul Xidmətinə məxsus olduğunu bildirən hər hansı işarə və ya yazı olmayan avtomobillərdə yerləşdirilən “avtoradar” larla bağlı faktlar doğurdanda mövcud idi. Qeyd edək ki, “Yol Patrul xidməti haqqında” Təlimatın 3.2.1. Maddəsinə əsasən yol patrul xidmətinin gizli formada aparılması mümkündür. Amma adıçəkilən təlimatda bu forma yol patrul xidmətinin aparılmasının yeganə forması kimi göstərilməyib.
Qeyd edək ki, “Qaynar Xətt” Xidmətinə Yol Patrul Xidməti ilə bağlı daxil olmuş bir sıra müraciətlər tərəfimizdən araşdırılmış, bəziləri ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər göndərilmiş, bəziləri ilə bağlı isə hələ də araşdırmalarımız davam etməkdədir. Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi və rəhbərliyi bizimlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə etsələrdə, onlara ünvanladığımız müraciətlərə sırf Yol Patrul xidmətinin əməkdaşlarını müdafiə mövqeyindən çıxış edərək cavab vermişlər. Bu isə yolverilməzdir.
“Birgə İşçi Qrupu” olaraq yuxarıda sadaladığımız problemlərlə bağlı araşdırmalarımızı davam etdirəcək, problemlərin həllində bütün aidiyyatı qurumlarla ciddi əməkdaşlıq etməkdə bir daha maraqlı olduğumuzu bəyan edirik. Həmçinin bütün araşdırmalarımızla bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağıq.
Birgə İşçi Qrupu olaraq Xətai rayon İcra hakimiyyətinə ünvanladığımız 06.10.08-ci il tarixdə 140/08 saylı, Bakı şəhər prokurorluğuna 11.06.2008-ci il tarixdə 012/08 saylı, 04.11.08-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə 174/08 saylı, 19.07.08-ci il tarixdə 050/08 saylı məktubla bağlı Binəqədi RPİ-nə, Suraxanı rayon 31-ci polis Bölməsinə ünvanlanmış 13.10.2008-ci il tarixli 149/08 saylı, 188/08 18.11.08-ci il tarixli Nərimanov rayon İH-ə, Abşeron rayon icra Hakimiyyətinə 13.08.08-ci il tarixdə göndərilmiş 078/080 saylı, Məhkəmə İcraçıları Baş İdarəsinə Şahbaz Əhmədovun şikayəti üzrə 11.06.2008-ci il tarixli, 006/08 saylı, Aybəniz Yusifovanın şikayəti üzrə 20.06.08-ci il tarixli, ¹025/08 saylı, Jenya Əfəndiyevanın şikayəti üzrə 09.07.2008-ci il tarixli, 035/08 saylı, Akif Əzimovun şikayəti üzrə 11.08.08 tarixli, 074/08 saylı, İsmayıl Hüseynovun şikayəti üzrə 14.07.08-ci il tarixli, Tofiq Hidayətovun şikayəti üzrə 05.08.08-ci il tarixdə 074/08 saylı, Viktor Popovun şikayəti üzrə 26.11.08-ci il, 191/08 saylı, Vladimir Borodininin şikayəti üzrə 27.09.08-ci il, 130/08 saylı, Cahid Salmanovun 25.10.08-ci il, 164/08 saylı məktubları ilə bağlı bizə heç bir cavab verilməyib.
Müraciətlərimizə etinasız yanaşan yuxarıda adları çəkilən qurumlar bilməlidir ki, biz onlara tam hüquqi analiz olunmuş müraciətlər ünvanlamışıq və onların bu münasibəti “Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası Qanunu”na ziddir və adıçəkilən qanunun 10-cu maddəsinin kobud pozuntusudur.
Qanunun 11-ci maddəsinə görə isə dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.