Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi yüksəldilməlidir

Avropa Məhkəməsinin hakimi hesab edir ki, Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi, keyfiyyəti yüksəldilməlidir. Azərbaycanda ədalət mühakiməsinin səviyyəsi yüksəldilməlidir
Trend News-un məlumatına görə, bazar ertəsi Bakıda “Beynəlxalq standartların tətbiqi və strateji məhkəmə işləri” mövzusunda ATƏT-in keçirdiyi konfransda iştirak edən Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev jurnalistlərə bildirib ki, başqa dövlətlərdə olduğu kimi, Azərbaycan məhkəmələri də problemlərdən xali deyil. ”Mən ümumi şəkildə Azərbaycanın məhkəmələrinə qiymət verə bilmərəm. Bizim məhkəmələrdə də problemlər var və bunun səbəbləri çoxdur”, – deyə Hacıyev bildirib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Bakı Ofisi tərəfindən 2006-2007-ci il üzrə Azərbaycan məhkəmələrində keçirilən monitorinqin nəticələrinə görə, məhkəmə araşdırmalarının çoxu mühüm hüquq və təminatlarla bağlı, vəkillə səmərəli təmsil olunma hüququ, qərəzsiz və müstəqil məhkəmə araşdırması hüququ, tərcüməçinin yardımından istifadə hüququ və əsaslandırılmış məhkəmə qərarı hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Monitorinq zamanı müəyyən edilib ki, məhkəmələrin əksəriyyətinin texniki şəraiti qeyri-qənaətbəxşdir və lazımi monitorinq aparmağa, ictimaiyyətin nümayəndələrinin məhkəmə proseslərini izləmələrinə imkan vermir. Hesabatda vurğulanır ki, hakimlər bir sıra işlərdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara dair hər hansı iddianı tam və səmərəli araşdırmaq vəzifəsini yerinə yetirmir və zor vasitəsilə əldə olunan sübutları iş materiallarından çıxartmırlar.
ATƏT hesab edir ki, cinayət işləri üzrə Vəkillər Kollegiyası tərəfindən göstərilən hüquqi xidmətlər minimal peşə standartlarına cavab vermir.
“Vəkillər Kollegiyasının rəhbərliyi öz üzvlərinin qayğısına qalan və peşəkarlıq səviyyəsini qaldıran səmərəli təşkilat yaratmaq üçün zəruri dəyişikliklər həyata keçirməyə meyilli deyil”, – deyə hesabatda vurğulanır. Hesabat Bakı və Sumqayıt məhkəmələrində keçirilmiş 1200-dən artıq məhkəmə iclasının monitorinqinin nəticələri əsasında hazırlanıb. Monitorinq 2006-cı ilin martından başlayıb və 2007-ci ildə yekunlaşıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO