Veteranlarla gənc müdavimlərin görüşü keçirilib


Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqların hərtərəfli təmin olunması istiqamətində inamla və uğurla həyata keçirdiyi siyasətdə ölkənin təhsil sisteminin inkişafı prioritet yerlərdən birini tutur. Bu baxımdan gənc nəslin milli adət-ənənəyə,tarixi köklərə hörmət və bağlılıq, dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ali Baş Komandanın rəhbərliyi ilə milli mənafelərin keşiyində şərəflə dayanan, xalqa və dövlətə sədaqətlə xidmət edən milli təhlükəsizlik orqanları da öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, tariximizə və mədəniyətimizə dərin bağlılıq kimi hisslərin aşılanmasına xüsusi önəm verir.

Trend-in İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, bu ənənəyə sadiq qalan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları,nazirliyin Heydər Əliyev adına Akademiyasının müdavimləri və veteranları Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində Sumqayıt şəhər Nizami Gəncəvi adına təbiət və texniki elmləri liseyinin müəllim və şagirdləri ilə görüşmüşlər.

Əvvəlcə tədbir iştirakçıları liseyin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş fotostendlərlə tanış olmuşlar. Tədbiri Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev açmışdır. O, milli təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, şəxsi heyətə dövlətçiliyin, xalqın təhlükəsizliyinin qorunması işində uğurlar arzulamışdır. M.Əliyev bayram tədbirinin keçirilməsi üçün Sumqayıt Sumqayıt şəhər Nizami Gəncəvi adına təbiət və texniki elmləri liseyinin seçilməsinə görə milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirmişdir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış və bildirmişdir ki, ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir. Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi gündən-günə möhkəmlənir, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmağa nail olmuşdur. Bu cür görüşlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində önəmli rolu var. İnsan nə qədər savadlı, nə qədər qabiliyyətli olsa da, əgər o, vətənpərvər deyilsə, vətənini sevmirsə heç vaxt ölkəsinə və xalqına fayda verə bilməz. Veteranlarımızın və müdavimlərin şagirdlərlə görüşü böyük əhəmiyyət kəsb edir. Bu gün milli təhlükəsizlik orqanları Azərbaycanın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmışdır. Bir sözlə, dövlətin təhlükəsizliyi möhkəm əllərdədir.

Təhlükəsizlik orqanlarının veteranları – Zülfüqar Tağıyev və Hamlet İsmayılov milli təhlükəsizlik orqanlarının yarandığı gündən müasir dövrümüzə qədər keçdiyi çətin və şərəfli tarix barədə danışmışlar. Veteranlar, eləcə də MTN-in Heydər Əliyev adına Akademiyasının müdavimi, Prezident təqaüdçüsü, Sumqayıt şəhər sakini N.Əlizadə xüsusi xidmət orqanlarının əbədi və fəxri rəhbəri ümummilli lider Heydər Əliyevin vətənini necə sevdiyini, hələ təhlükəsizlik orqanlarında işləyərkən gələcək müstəqil Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər barədə məktəblilərə maraqlı məlumatlar vermişlər. Çıxış edənlər yetişməkdə olan gənc nəslin gələcəkdə qarşılarına qoyduqları məqsədə çatmaları üçün milli qəhrəmanlarımızın göstərdikləri hünər və şücaət nümunələrindən də bəhrələnməyin zəruriliyini vurğulamışlar. Vətənin müstəqilliyi və qüdrətlənməsi naminə gənclərin bu gün şagird və tələbə olaraq üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd etmişlər.

Sonra liseyin şagirdləri tərəfindən hazırlanmış vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeir və musiqi kompozisiyaları, səhnəciklər, eləcə də Sumqayıt musiqi texnikumunun tələbələrinin ifasında oxunan muğam hissələri tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən “İgidnamə” sənədli filmi nümayiş olunmuşdur

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO