Azərbaycan və Naxçıvandan çoxsaylı insan müalicə məqsədi ilə Təbriz şəhərinə gəlir. Onların İranda müalicə xərclərinin azalması və yolun daha da qısaldılması məqsədi ilə Culfa şəhərində iki xəstəxana tikiləcək. Trend-in məlumatına görə, bunu “Araz” Azad İqtisadi Zonasının Mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə bazar günü Azərbaycandan bu zonaya səfər etmiş bir qrup jurnalistə deyib.
Araz İqtisadi Zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayır və Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Araz İqtisadi Zonasının Culfa şəhəri ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli – Xudafərin bölgəsində yerləşir.
Nəcəfzadə bildirib ki,bu iqtisadi zonanın tərkibində olan Culfa şəhərində tikiləcək həmin iki xəstəxanada kardiologiya, daxili xəstəliklər, göz xəstəlikləri, stomotologiya, sonsuzluq kimi xəstəliklərin müalicəsini aparmaq mümkin olacaq.
Nəcəfzadənin sözlərinə görə, “Araz” Azad İqtisadi Zonasında dünyada unikal olan geoirslər var ki, rəhbərliyin əsas məqsədi bu irsin UNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilməsidir.
Nəcəfzadə deyib ki, bu unikal geoirsləri tanıtmaq məqsədi ilə həm İran, həm də Azərbaycana məxsus ortaq tapıntılarla bağlı müştərək muzey təsis edilə bilər. Nəcəfzadə bununla bağlı ilkin planın artıq qurulduğunu qeyd edib.
O qeyd edib ki, “Araz” Azad İqtisadi Zonasına daha çox diqqət cəlb etmək üçün zonada turizm profilli beynəlxalq universitetin də tikilməsi gündəmdədir.
“Qulubəyli-Xudafərin (Füzuli) bölgəsində yeni sərhəd-keçid məntəqəsinin açılması da turizmin inkişafına təkan verəcək”,- Nəcəfzadə deyib.
Nəcəfzadə bu zonada ekoturizm sahəsində də böyük potensialın olduğunu vurğulayaraq deyib ki, 2013-cü ilin sentyabr ayı üçün bu zona ikinci geopark adını alacaq.
“Burada çox saylı tarixi yerlər var. Araz çayının gözəlliyi, Aras baran (Muğan) meşələri, Xudafərin və Araz bəndləri turistlərin diqqətini cəlb edə biləcək yerlərdir. Həmçinin Böyük İpək yolunun üzərində yerləşən bu ərazi bu yolun yenidən bərpasına kömək göstərə bilər”, -deyə Nəcəfzadə bildirib.
O, bu sahədə də qonşu ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və iki ölkənin xalqları arasında mədəni, dini bağlılığın bu əməkdaşlığa təkan verəcəyini bildirib.
İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılan “Araz” Azad İqtisadi Zonasında artıq bir neçə böyük istehsal müsəssisəsi işə düşüb. Bu müəssisələrdən hətta Azərbaycanla əməkdaşlıq edənlər də var.
“Araz” İqtisadi Zonasının sənaye bölümünün rəhbəri Səid Əlizadə deyib ki, “Amigo” ağır və yüngül tipli avtomobil istehsalı zavodu İranın ən böyük özəl maşınqayırma kompleksidir.
Onun sözlərinə görə, zavodun istehsal etdiyi yük maşınları artıq Azərbaycanın bir neçə özəl şirkətinə, 250 ədədi isə “Azərenerji” Səhmdar Cəmiyyətinə satılıb.
Əlizadə deyib ki, kompleksin və iqtisadi zonanın rəhbərliyi Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Azərbaycanlı jurnalistlərin baxış keçirdiyi daha bir müəssisə 2011-ci ildə Araz zonasında təsis edilmiş “Jolka” tekstil şirkətidir. Şirkətin idarə heyətinin müdiri Əzim Delaviz şirkətin istehsal etdiyi məhsulları Qafqaz və Rusiya bazarına çıxarmaq üçün azərbaycanlı iş adamlarını əməkdaşlığa çağırıb.
“Müəssisəmizin məhsulları İranda keyfiyyətinə və həcminə görə birincidir. Şirkətimiz öz məhsullarını Qafqaz, Rusiya və SSR-inin digər keçmiş dövlətlərinə ixrac etmək sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır”,-deyə Delaviz deyib.
Qeyd edək ki, “Jolka” müəssisəinin məhsulları Almaniya,Turkiyə, Fransa və İtaliya bazarlarına ixrac olunur. Müəssisədə 24 min kvadrat metrlik sahədə qapalı salonlar tikilib. Bu zavoda ilkin olaraq 50 milyon dollar sərmayə yatırlıb. Layihə başa çatanadək ona 350 milyon dollar sərf olunacaq. Bu zavod Türkiyə və İranın müşstərək investisiyası ilə tikilir. İtaliya və Almaniya istehsalı avadanlıqlarından istifadə olunur.
İqtisadi zonada fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad edilirlər. Bu həm də xarici iş adamlarına aiddir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub. İran tərəfi bu iqtisadi zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib. Aprel ayında “Araz” İqtisadi Zonasının rəhbəri Bakıya səfər edəcək.