Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov martın 7-də Texas ştatının Hyuston şəhərinə səfəri çərçivəsində Hyuston Universitetinin professor-tələbə heyəti qarşısında “Xəzər dənizinin enerji resursları və Azərbaycan” mövzusunda çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, diplomat çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlament təsisatından, qadınlara seçki hüququnun verilməsindən danışıb. Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici faktor olduğunu deyən səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd edib.
E.Süleymanov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycanın enerji diplomatiyası barəsində məlumat verən E.Süleymanov ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı roldan bəhs edən səfir hazırda gündəmdə olan enerji layihələri barəsində məlumat verib və bu layihələrin reallaşdırılması üçün ABŞ hökuməti tərəfindən davamlı siyasi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla münasibətlərinin nümunəvi olduğunu bildirən səfir regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb və münaqişənin fəsadları, eləcə də bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barəsində məlumat verib.
Qeyd edək ki, 1927-ci ildə əsası qoyulmuş Hyuston Universiteti ABŞ-ın etnik rəngarəngliyinə görə fərqlənən ikinci ən böyük Universitetidir. Universitetdə 137 dövlətdən olan tələbələr müxtəlif ixtisaslar üzrə təhsil alır.
Əlavə edək ki, E.Süleymanov həmçinin Hyuston şəhərində yerləşən Rayz Universitetinin nəzdindəki Beyker İnstitutunda da eyni mövzu üzrə çıxış edib.