Nyu-Yorkda GUAM-a üzv olan Azərbaycan, Ukrayna və Moldovanın daimi nümayəndələri və Gürcüstanın müvəqqəti işlər vəkilinin Avropa İttifaqı (Aİ) BMT yanında Nümayəndəliyinin rəhbəri ilə görüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib. Görüşdə İrlandiya və Polşanın daimi nümayəndələri də iştirak etmişlər.
Görüş zamanı, BMT-nin gündəliyində olan və maraq kəsb edən aktual məsələlər və GUAM üzv dövlətləri tərəfindən irəli sürüləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. GUAM ilə Aİ arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan görüş iştirakçıları, bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuyıblar.
Bununla yanaşı, ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və Xocalı faciəsi daxil olmaqla, müharibə zamanı mülki şəxslərə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verib.
GUAM üzv dövlətlərinin nümayəndələri ölkəmiz ilə həmrəy olduqlarını vurğulayaraq, GUAM məkanında mövcud olan münaqişələrin qısa müddətdə həll edilməsi və müharibə nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.