Şübhəsiz ki, Ermənistan Prezidenti Serj Sarkisyanın Moskvaya səfəri çərçivəsində Vladimir Putinlə görüşü zamanı Xocalı hava limanı ilə bağlı məsələ ön plana çıxacaq. Bu barədə Trend-ə cümə axşamı Qərb Universitetinin professoru, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov bildirib.
Ekspert hesab edir ki, Rusiya Minsk qrupunun həmsədr ölkəsi kimi, Minsk qrupunun hava limanının istismara verilməsinin regionda və Ermənistan ilə Azərbaycan münasibətlərində gərginliyi artıracağı ilə bağlı bəyanatına sadiq qalmalıdır.
“Hesab etmirəm ki, rəsmi Moskva Minsk qrupunun verdiyi bəyanatdan fərqli bəyanat verəcək. Lakin Moskva Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı haqqında, Xocalı hava limanının açılışı və istifadəsinin beynəlxalq normalara zidd olması barədə daha obyektiv və dəqiq, Ermənistana təzyiq notları ilə bəyanatlar verməyəcək”, – Sadıxov bildirib.
Səfərin özünə gəldikdə isə, ekspert bildirib ki, Sarkisyanın yenidən prezident seçilməsindən sonra ilk səfərini Moskvaya edəcəyi gözlənilən idi.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistanla çoxillik hərbi-siyasi əməkdaşlığı dəstəkləyir və tərəflərin maraqları bir çox məsələlərdə üst-üstə düşür.
“Sarkisyanın xarici dəstəyə, aparıcı dünya ölkələrinin dəstəyinə ehtiyacı var. Ölkənin özündə vəziyyət sabit deyil, müxalifət Sarkisyan hakimiyyətinə qarşı mitinqlər keçirir. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyi ATƏT-in həmsədr ölkəsi kimi dəyişməz qalacaq”, – o bildirib.
Ekspertin fikrincə, Serj Sarkisyan və Vladimir Putinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş gözləmək olmaz.