2012-ci il ərzində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə hərbi qulluqçuların social-hüquqi müdafiəsi, Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulan silahlı birləşmələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, tikinti-quruculuq işləri və hərbi-sənaye potensialının inkişaf etdirilməsi sahəsində intensiv işlər aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində ordumuzun həm xaricdən alınan, həm də ölkəmizdə istehsal olunan hərbi məhsullar hesabına müasir döyüş sistemləri, silah və sursatlarla təchiz edilməsinə nail olunub. Hərbi dəniz qüvvələrinin yeni bazasının, mərkəzi sursat anbarının tikintisi davam etdirilib,hərbi hissə və şəhərciklərdə tikinti-quruculuq və təmir işləri yerinə yetirilib.
Qeyd olunan işlərin maliyyələşdirilməsinə 2012-ci ilə əsaslı vəsait qoyuluşu üzrə ayrılan vəsaitlərlə birlikdə 3,4 milyard manat vəsait yönəldilib ki, bu da ötən illə müqayisədə 26 faiz artıqdır.
Ötən il Müdafiə Nazirliyinin hərbi hissə və hərbi şəhərciklərində 241 milyon manatlıq tikinti-quruculuq işləri yerinə yetirilib. Nazirliyin 6 əsgər yataqxanası, 2 tibb məntəqəsi, 3 müalicə korpusu, 4 xidməti bina, 2 mətbəx-yeməkxana binası, 8 yaşayış binası tikilib, 10 hərbi hissədə istilik sistemi quraşdırılıb, 1 əsgər yataqxanası, 9 qazanxana, 8 xidməti bina, 5 yaşayış binası əsaslı təmir edilib, 16 məişət obyekti inventarlarla təchiz olunub, 74 bina və qurğularda cari təmir işləri yerinə yetirilib.